Məhbusların məzuniyyətə buraxılması qaydası açıqlandı

Məhbusların məzuniyyətə buraxılması qaydası açıqlandı

Azərbaycanda qanunçuluq, demokratiya və humanizm prinsiplərinə, dünya təcrübəsinə əsaslanan ədliyyə sisteminin yaradılması istiqamətində aparılan islahatlar davam edir. Cəza-icra siyasəti humanistləşdirilərək məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazları genişləndirilir. Onların saxlanma şəraiti, qida, tibbi və digər təminatları yaxşılaşdırılır. Məhkumların əvvəllər də cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara çıxma praktikası olub. Hazırda isə mövcud qanunun daha da geniş formada tətbiq edilməsinə başlanılıb. Belə ki, ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkən və ilk dəfə az ağır, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunan, müsbət xarakterizə edilən, əməyə cəlb olunan məhkumların cəzalarının ən azı 1/3 hissəsini çəkdiyi təqdirdə 7 günədək ailə üzvlərinin yaşadığı ünvana, yəni məzuniyyətə buraxıla bilər.

AzerTimes xəbər verir ki, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namik Həsənov Azərtac-a açıqlamasında deyib.

O, məhkumların məzuniyyətə buraxılması praktikası haqqında danışıb:

“Məhkumların cəzaçəkmə müəssisələrindən kənara çıxması ilk deyil. Belə ki, müsbət davranışlı azyaşlıların həvəsləndirmə qaydasında ölkə ərazisində keçirilən mədəni-kütləvi, idman tədbirlərində iştirakını, eyni zamanda, şəhər gəzintisinə çıxarılmalarını təmin etmək məqsədilə onlar müəssisə hüdudlarından çıxıblar. Həmçinin az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olan məhbuslar qohumluq borclarını yerinə yetirməsi ilə əlaqədar ailə üzvlərinin dəfn və yas məclislərində iştirak etmələri üçün müəssisə hüdudlarından kənara buraxılıblar. Hazırda isə bu qanun daha geniş formada tətbiq edilir. Məzuniyyət səfərlərinə yalnız ölkə ərazisi hüdudlarında icazə verilir. Bu zaman yola sərf olunan iki gün nəzərə alınmır”.

Namik Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquq və imtiyazlarının genişləndirilməsi, saxlanma şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür islahatların gələcəkdə də davam edəcəyini diqqətə çatdırıb.

Teqlər: