Ukrayna Krıma zərbələr endirəcəyi təqdirdə danışıqlar olmayacaq, ancaq Kiyevin nəzarətində olan bütün ərazilərə qisas zərbələri endiriləcək.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev jurnalist Nadana Fridrixsona yazılı müsahibəsində bildirib.
Müsahibə jurnalistin Teleqram kanalında dərc olunub.
Medvedyev Ukraynanın Krıma zərbələr endirməklə Rusiyanı danışıqlara məcbur edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Bu halda hər hansı danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyevin hakimiyyəti altında olan bütün Ukrayna yanacaq”, – deyə Medvedyev suala cavabında qeyd edib.
“Biz istənilən cavabı verə bilərik. Rusiya Prezidenti bunu qəti şəkildə deyib”, – deyə Dmitri Medvedyev əlavə edib.
O bildirib ki, Rusiya öz qarşısında heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır:
“Hətta doktrinal sənədlərə uyğun olaraq, nüvə silahlarından da istifadə mümkündür”.
“Mən sizi əmin edə bilərəm: cavab tez, sərt və inandırıcı olacaq”, – deyə siyasətçi vurğulayıb.