2023-cü ildə neftin bir barrelinin qiyməti 150, qazın min kubmetri isə 5 min dollara çatacaq. Avropa Birliyi dağılacaq, ABŞ-da vətəndaş müharibəsi başlayacaq, İlon Mask isə seçkilərdə qalib gələcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
“Bir çoxları futuristik fərziyyələr tətbiq edir, ən gözlənilməz və hətta absurd təkliflə yarışırlar. Biz də öz versiyamızı deyəcəyik. 2023-cü ildə nə baş verə bilər: neftin qiymətinin bir barrel üçün 150 dollara, qazın qiymətinin isə 1000 kubmetr üçün 5 min dollara qədər artması”, – o bildirib.
Medvedyev həmçinin Böyük Britaniyanın Avropa Birliyinə qayıda biləcəyini, bundan sonra AB-nin parçalanacağını və avronun ləğv olunacağını da proqnozlaşdırıb:
“Keçmiş Ukraynanın qərb rayonlarının Polşa və Macarıstan tərəfindən tutulması… Almaniya və ona qoşulan peyklərin (Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Rumıniya, Kiyev) əsasında IV Reyxin yaradılması… Fransa ilə Dördüncü Reyx arasında müharibə. Avropanın bölünməsi, o cümlədən Polşanın yenidən bölünməsi…”