Rusiya ABŞ-la strateji hücum silahlarının azaldılmasına dair yeni müqaviləni müzakirə etməyə yalnız o halda hazır olacaq ki, Vaşinqton Kiyevə silah tədarükünü dayandırsın və Ukraynanın NATO-ya qəbulunu əngəlləsin.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Amerikalılar hər kəsə qarşı axmaq kimi davranmağa davam edirlər. Təsəvvürünüzə gətirin ki, İkinci Dünya müharibəsi illərində nasist Almaniyası istənilən bir silahın (tanklar, təyyarələr və ya BM-13 “Katyuşa”) istehsalına məhdudiyyət məsələsini ayrıca danışıqlara daxil etmək təklifi ilə SSRİ-yə müraciət edir. Müraciətdə deyir ki, gəlin, onların buraxılışını məhdudlaşdıraq. Bir dəlinin absurdluğu? ABŞ kifayət qədər ciddi şəkildə Rusiyaya strateji hücum silahlarının azaldılmasına dair yeni müqavilə üzrə danışıqlar aparmağı təklif edir. Deyirlər ki, biz neonasistləri bütün növ silahlarla, o cümlədən uzaqmənzilli raketlər və təyyarələrlə təmin edəcəyik, sizinlə isə strateji hücum silahlarının azaldılmasına dair yeni müqaviləni müzakirə edəcəyik. Necə də alçaq məxluqlardır! Xeyr, bu yalnız Bandera rejiminə silah verməkdən imtina etdikdən və onun NATO-ya qəbuluna mane olandan sonra mümkündür”, – o bildirib.