“Mediasiya haqqında” qanuna dəyişiklik ikinci oxunuşda təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda “Mediasiya haqqında” qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, dəyişikliyə əsasən, mediasiya təşkilatlarının hüquqi statusu dəyişdirilir. Qanunda “hüquqi şəxsdir” sözləri “qeyri-kommersiya hüquqi şəxsidir” sözləri ilə əvəz edilir.

Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.

Qeyd edək ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın fəaliyyət sahəsinə daxil ediləcək.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Teqlər: