Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə və peşəkarlaşmağa ehtiyacı var. Məhz bu səbəbdən Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı.
Sözügedən fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradıldı. Təbii ki, bu addım media cameəsində yüksək rəğbətlə qarşılandı. Çünki hər kəs mediada, xüsusən də mediaya dəstək sahəsində ciddi islahatlara ehtiyac görürdü.
Beləliklə, MEDİA artıq fəaliyyətə başlayıb. Təbii ki, ilkin mərhələdə bu sahədəki mövcud problemləri öyrənilir, xüsusən də qanunvericiliyin təkmilləşdirilməsi üçün işlər aparılır. Güman ki, yaxın vaxtlarda “Kütləvi İnformasiya Vasitələri haqqında” yeni qanun layihəsi ölkə parlamentinə təqdim olunacaq. Bununla yanaşı, MEDİA artıq kütləvi informasiya vasitələrinə (KİV) dəstək məqsədilə bir neçə müsabiqə elan edib. Qəzetlərlə yanaşı, bu gün Agentlik ilk dəfə olaraq onlayn mediaya yardım üçün də müsabiqə elan etdi.
Lakin media cameəsində səsləndirilən bəzi fikirlər onu deməyə əsas verir ki, hələ də bu sahədə köhnəlmiş stereotiplərdən qurtulmayanlar var. Onlar hesab edirlər ki, MEDİA yalnız qəzetlərə maliyyə ayıran qurumdur və maliyyə məhz qəzetlərə ayrılmalıdır. Lakin hər kəs bilməlidir ki, MEDİA Agentliyinin fəaliyyəti mediaya maliyyə vəsaiti ayırmaqdan ibarət deyil. Əslində, bununla bağlı dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında hər şey açıq-aşkar qeyd edilib. Belə ki, keçmiş KİVDF-dən fərqli olaraq, Agentliyin məqsədi yalnız media subyektlərinin inkişafına maliyyə təminatı yaratmaq deyil, eyni zamanda onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, bu məqsədlə müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılmasına şərait yaratmaq, iqtisadi cəhətdən müstəqil media subyektlərinin yaradılmasını təmin etməkdir.
Məhz bu nöqteyi-nəzərdən Agentliyin mediaya yardımla bağlı layihələri həyata keçirməkdə əsas məqsədi media subyektinin tam dəstəkləməsi deyil, əslində onların qarşısına çıxan problemlərin həllinə kömək göstərməkdir.
Öncə gələk Agentliyin qəzetlərin maliyyəsi ilə bağlı müsabiqəsinə, bilirsiniz ki, qəzetin müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində hər ay üzrə 2 nömrə olmaqla, ümumilikdə 6 nömrəsi müsabiqəyə təqdim edilməlidir. Qiymətləndirmə Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlər tərəfindən həyata keçirilir.
Həftəlik qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, gündəlik qəzetlərin hər birinə isə aylıq 15000 (on beş min) manat məbləğində maliyyə yardımı göstərilir. Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 və 1000 abunəsi üçün müvafiq məbləğdə aylıq bonusun verilməsi nəzərdə tutulur.
Bu isə o deməkdir ki, qəzetlərə ayrılan vəsaitlər azalmır, əksinə, birbaşa yardım, sayta dəstək və bonuslarla birlikdə vəsaitlərdə artım var.
Beləliklə, yeni müsabiqə qaydaları qəzetlər arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Digər tərəfdən, bu yeni müsabiqə ilə çap mediasının onlayn mediaya inteqrasiya etməsinə təkan verəcək. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı yeni veb-saytını yaratmaq niyyətini ifadə etdirərsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın təsis edilməsi məqsədilə 5000 (beş min) manat, ikinci ayından etibarən isə 3000 (üç min) manat məbləğində vəsait ayrılır. Təbii ki, bu da qəzetlərin internet resurslarında canlanma yaradacaq, eləcə də kağız medianın onlayn müstəviyə keçidini sürətləndirəcək.
Təbii olaraq, bu gün MEDİA Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də media subyektlərində əmək fəaliyyətini gücləndiməkdir. Yeni müsabiqənin əsas hədəflərindən biri də məhz budur. Belə ki, müsabiqə şərtlərinə əsasən, maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsinə yönəldilməlidir. Qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır. Agentlik tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir. Eləcə də onlayn media subyektinin işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsinə yönəldilməlidir.
Bu arada, qeyd edək ki, Agentliyin dəstəyi ilk dəfə olaraq yalnız ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektlərinə deyil, eyni zamanda, idman xəbərləri dərc edən veb-saytlara da şamil edilir. Çünki Agentliyin fəaliyyət prinsiplərində idman saytları ayrıca qiymətləndirilir və maliyyələşdirilən dövr ərzində həftədə bir dəfə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” sahəsi üzrə hazırlanan materialın dərc olunmasını təmin edirlər.
Ən əsası da odur ki, istər çap, istərsə də onlayn media subyektləri üçün elan olunmuş müsabiqə beynəlxalq müstəvidə mediada gedən müasir prosesləri özündə ehtiva edir və Azərbaycan media subyektlərinin peşəkarlığının artırlması ilə yanaşı, onun simasının müasirləşməsini, beynəlxalq rəqabətdə imkanlarının artırılmasını hədəfləyib.
Beləliklə, görünən odur ki, MEDİA Agentliyi ənənələri qorumaqda maraqlıdır, lakin mühafizəkar deyil, yeniliklərə açıqdır. Sağlam rəqabət üçün, əlbəttə ki, bu yanaşma çox vacibdir. Çünki qarşıya qoyulan tələblərdən biri də budur ki, Azərbaycanın müasir qəzet oxucusu və xəbər saytlarının izləyicisi keyfiyyətli kontentlə təmin olunmalı, ölkənin media subyektləri inkişaf etməlidir. MEDİA Agentliyinin konseptual yanaşması da məhz bundan ibarətdir.
Sonda bir daha vurğulayaq ki, dövlət başçısının “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Ən əsası da odur ki, media sahəsində islahatların zəruriliyi ilə bağlı dövlətin iradəsi ilə media ictimaiyyətinin istəyi üst-üstə düşür. Bu isə islahatların media sferasında da effektiv olacağına, eləcə də keyfiyyət dəyişikliyi yaradacağına inamı artırır.
Elgün Mənsimov,
Trend