Mediada islahatların zəruriliyi barədə daha öncə də yazmışam. Bu baxımdan, bir sıra məqamlarla, xüsusilə də “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun media sektorunda yaranmış çağırışlara cavab verməməsi, medianın göz önündə olan durumu ilə bağlı məsələlərin təfərrüatına varmayacağam. Görünən dağa bələdçi lazım deyil.
Son zamanlar medianın problemləri kontekstində, ümumi şəkildə, detallarına varılmadan müzakirəyə çıxarılan məsələlər, əsasən şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin formalaşdırılması və reklam bazarının inkişafı ilə bağlıdır. Şeytansa hər zaman olduğu kimi detallarda gizlənir. Təkrar biliyin anasıdır, bilirəm. Və bu səbəbdən 2006-cı ildən başlayaraq, az qala media ilə bağlı hər müzakirədə dediklərimi yenidən təkrarlamaqla, əsas hədəfimə yol almaq niyyətindəyəm:
Şübhəsiz ki, qeyd etdiyim istiqamətlərdə şəffaflığın təmin olunması üçün ictimai nəzarətin əsas mexanizmlərindən biri kimi medianın rolu artırılarsa, onun hüquqi baxımdan müdafiəsi, qanunlar çərçivəsində himayə olunması təmin edilərsə, eləcə də medianın maliyyə mənbələrinin müstəqilliyi təmin olunarsa, o zaman şəffaflaşdırma prosesinin paralel şəkildə aparılması və konkret nəticələrə varılması mümkündür.
Reklam bazarının inkişafına gəldikdə isə, bu proses bazar iqtisadiyyatının təbii qanunları əsasında baş verməlidir. Yəni ilk növbədə iqtisadiyyatın liberallaşdırılması prosesi başa çatdırılmalı, inhisarçılıq və onun yaradan hallar aradan qaldırılmalı, azad və ədalətli rəqabət mühiti formalaşdırılmalı, mülkiyyətin qorunması və iqtisadi mübahisələrin ədalətli həlli üçün məhkəmələrin müstəqilliyi təmin olunmalı, hakimiyyətin qolları arasındakı sərhədlər dəqiq şəkildə müəyyənləşdirilməlidir. Bu uzun və gərgin əmək tələb edən bir prosesdir və ölkədə həyata keçirilən islahatların ümumi temporitminə uyğun olaraq, mediada həyata keçirilən islahatlar da öz effektiv nəticəsini verəcək. Təbii ki, indi bütün peşəkarlar üçün prioritet olan məsələ müasir, yenilikçi, yaradıcı, güclü, siyasiləşməmiş, qərəzsiz medianın formalaşdırılmasıdır.
Bunun yolu isə medianın maliyyə mənbələrinin müstəqilliyinin təmin edilməsindən, onun iqtisadi münasibətlər sisteminin bərabərhüquqlu subyektinə çevrilməsindən keçir. İndisə jurnalistlərin peşə fəaliyyətinə maneə yaradan bir sıra problemlərdən söz açmaq istəyirəm. Problemlərdən biri media subyektlərinin təsnifatının müasir reallıqlara cavab verməməsi, vahid uçot-qeydiyyat sisteminin olmaması ilə bağlıdır.
Bu sahədə hökm sürən xaos mövcud qanunvericilik çərçivəsində hərəkət edən, peşə etikasına uyğun davranan peşəkar jurnalistləri də çətin duruma salır, media subyektlərinin bir çox istiqamətlərdə, o cümlədən informasiyaların əldə edilməsində çoxsaylı problemlərlə qarşılaşmasına zəmin yaradır. Bu sahədə olan problemlərin aradan qaldırılması üçün beynəlxalq təcrübəyə, o cümlədən qardaş Türkiyənin, yaxud dost Ukraynanın təcrübəsinə müraciət etmək olar. Məsələn, Türkiyədə jurnalistlərə verilən vahid “mətbuat vəsiqəsi” (basın kartı) onlara bir sıra üstünlüklər gətirir: İlk növbədə onların peşəkar jurnalistika ilə məşğul olmaları dövlət tərəfindən rəsmən tanınır, qəbul edilir. Digər tərəfdən vahid “mətbuat vəsiqəsi” alan jurnalistlər ictimai nəqliyyatdan ödənişsiz istifadə edir, muzeylərə, qalereyalara, ictimai, siyasi, mədəni tədbirlərin həyata keçirildiyi məkanlara ödənişsiz daxil olur, gün ərzində ölkədə keçiriləcək mühüm tədbirlər haqqında öncədən məlumat almaq imkanı qazanırlar…
Bununla yanaşı, “basın kartı” qardaş ölkənin media mənsublarına poçt şöbələrində teleqraf, faks, telefon, teleks və buna bənzər vasitələrdən növbəsiz və endirimli qiymətlərlə istifadə etmək imkanı verir. “Basın kartı”nın üstünlüklərindən biri də sahiblərinə dövlət tədbirlərində, milli və ya beynəlxalq müsabiqələrdə, mətbuat konfranslarında və digər bu kimi toplantılarda polis əməkdaşlarının verdiyi təlimatlara uyğun olaraq, növbəsiz park etmə, durma, dayanma və sərbəst keçiş imkanı yaratmasıdır.
Qeyd edim ki, qardaş ölkədə “basın kartı” Türkiyə Prezident Administrasiyası tərəfindən müəyyən edilən qaydaları yerinə yetirən jurnalistlərə Media Kartları Komissiyası tərəfindən verilir. Bu kartlar sahiblərinin həqiqətən də jurnalist olduqlarını təsdiqləməklə yanaşı, “kimlik kartı” (şəxsiyyət vəsiqəsi) əvəzinə də istifadə olunur. Xatırladım ki, artıq Ukraynada da vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müvafiq addımlar atılır və bununla bağlı hazırlanan layihə 2020-ci ilin əvvəllərindən etibarən ictimai müzakirəyə çıxarılıb. Ukraynada vahid “mətbuat vəsiqəsi” “Peşəkar jurnalistin milli mətbuat vəsiqəsi”, yaxud qısaca “Milli mətbuat vəsiqəsi” adlanır. Vəsiqənin verilməsi prinsipi, təxminən Türkiyə ilə eynidir. Amma Ukraynada hazırlanan layihəyə əsasən, “Milli Mətbuat Vəsiqəsi” almaq istəyənlərin müraciətinə “Etika komissiyası”nın rəyinə əsasən baxılacaq.
Yəni vəsiqə verilərkən, jurnalistin faəliyyətdə olduğu müddətdə peşə etikasına əməl etməsi əsas götürüləcək. Onu da qeyd edim ki, bəzi şəxslər Azərbaycanda media subyektlərinin vahid reyestri və vahid jurnalist kartlarının verilməsi ilə bağlı aparılan müzakirələri, az qala söz və fikir azadlığına tətbiqi nəzərdə tutulan məhdudiyyətlər kimi yanaşırlar. Halbuki, vahid jurnalist vəsiqələrinin tətbiqi ilə bağlı müzakirələrdə, bunun məcburi qaydada həyata keçirilməsi ilə bağlı heç bir fikir səsləndirilməyib. Şübhəsiz ki, vahid Media Reyestrində qeydiyyat və vahid jurnalist kartlarının əldə olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək. Qeydiyyata düşmək və vahid jurnalist vəsiqəsi almaq istəməyənlər isə, dövlətin müəyyənləşdirdiyi imtiyazlardan istifadə edə, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərdən faydalana bilməyəcəklər.
Elçin Mirzəbəyli
əməkdar jurnalist, siyasi ekspert
Xalq Cəbhəsi qəzetinin baş redaktoru