Xəbər - Elçin Mehdiyev – Trend:
Media sahəsində çalışan texniki işçi heyəti hələ ki, güzəştli
ipotekadan istifadə edən şəxslərin siyahısına daxil edilməyib.
Bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru
Əhməd İsmayılov AzerTimes-a müsahibəsində bildirib. Onun sözlərinə görə,
Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi mexanizmi və
prosedurları mövcuddur.
“Digər sahələrdə çalışan vətəndaşlarımza olan tələblər eynilə
jurnalistlərimizə də tətbiq olunmağa başlayıb. Yəni biz yeni bir
mexanizm yaratmamışıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə
jurnalistlərimizin o siyahıya daxil edilməsi dövlət başçısının
jurnalistlərə olan diqqəti idi ki, digər sahələrdə olan
mütəxəssislərlə eyni imtiyazlardan istifadə etsinlər.
Texniki işçi heyəti ilə bağlı yanaşma digər sahələrdə də
mövcuddur. Gələcəkdə biz bununla bağlı təhlillər aparacağıq və əgər
məqsədəmüvafiq olarsa, bununla bağlı işlərin də görülməsi
mümkündür. İndiki qanunda isə jurnalist anlayışı verilib, çərçivə
müəyyən edilib ki, kimlər jurnalist hesab olunur. Yeni qanun imkan
verdi ki, jurnalistlərimiz güzəştli ipoteka alan insanların
siyahısına düşsünlər və Prezident tərəfindən də məhz
jurnalistlərimiz güzəştli ipotekadan istifadə edən insanların
siyahısına daxil edildilər”, – deyə o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan 8
fevral tarixli Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il
jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər
güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist
işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan
yararlana biləcəklər.