Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf kimi tanınan Medianın İnkişafı Agentliyi (MEDİA) mülki iddia verib.
Onlar mülki iddia ərizələrində dəymiş ziyanla bağlı 18 milyon manata yaxın məbləğin təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilməsini istəyiblər.
Daha sonra ötən prosesdə Təhminə Yaqubovanın ifadəsində ziddiyyət yarandığından onun istintaqa verdiyi ifadəsi elan edilib.
Məlum olub ki, T.Yaqubova KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, Vüqar Səfərlinin xanımının adına olan qəzetə vəsait ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.
T.Yaqubova, həmçinin jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, Vüqar Səfərli onun ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq ona mənzil verib.
Amma Təhminə Yaqubova prokurorun elan etdiyi bu ifadə ilə razılaşmayıb.
O bildirib ki, jurnalsitlər üçün keçirilən tədbirlərdə iştirak edənlər barədə məlumatı olmadığı halda qonaqların sayı ilə bağlı dəqiq rəqəm deməsi mümkün deyil: “İstintaqda 450 qonaq yazıldığı halda 250 nəfərin iştirak etdiyini demişəm. Mən tədbirdə kimlərin iştirak etdiyini bilmirdim. Mənə sadəcə say deyilirdi, qeyd edirdim. Həmçinin, Vüqar Səfərlinin xanımının adına olan qəzetə pul ayrılması ilə bağlı “Vüqar Səfərli həmin qəzetə vəsait ayırmağa nail olmuşdu” kimi ifadə də səsləndirməmişəm. İkinci ifadə yazılanda dedilər ki, birinci ifadədir, imzala. Mən də imzaladım”.
Daha sonra dindirilən təqsirləndirilən şəxs Dünyamin İsmayılov bildirib ki, uzun müddət tikinti sahəsində çalışıb: “10 ilə yaxın Milli Təhlükəsizlik Nazirliyində Tikinti İdarəsində mülki işçi kimi çalışmışam. Daha sonra Nazirlər Kabineti tərəfindən nazirlikdə xadiməçilərdən başqa mülki işçilərin çalışmasına qadağa qoydular. İşdən çıxdım. Bir müddət işsiz qaldım. Daha sonra 2014-cü ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunda çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm və Fondun Tikintiyə Nəzarət şöbəsində çalışmağa başladım. Mən işə gələn zaman artıq jurnalistlərin ikinci binasının yarısı tikilmişdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, birinci binanın birinci mərtəbəsində ona ofis verilib: “Vəzifəm tikintiyə nəzarət etmək, görülən işlərlə bağlı sənədləri tərtib etmək idi. Bütün dövlət qurumları ilə yazışmaları həyata keçirmişən. Bundan başqa, bütün dövlət qurumları ilə yazışmaları, texniki şərtləri almışan. Hər ayın axırında sənədləri toplayırdım, nə işlər görülüb onları qeydə alırdın, işlərin gedişatı ilə bağlı Vüqar Səfərliyə məruzə edirdim. Binanın dövlət qurumlarına gedən sənədlərini özüm aparıb imzaladıb, rəy alırdım. İkinci ve üçüncü binalarda bütün forma işlərini mən qəbul etmişəm. İşdə otutub cari qiymətlərə olan smetaya baxırdım. Mən Amerika kəşf etməmişəm”.
D.İsmayılov bildirib ki, prokurorluqda çox səmimi söhbət edib: “Heç bir yalan danışmamışam. Mən heç kimlə əlbir olmamışam. Burada məni əlbirlikdə ittiham etdiyiniz çox adamı heç görməmişəm, tanımamışam. Mən maaşdan başqa heç bir əlavə gəlir almamışam. Bəzən binalarda nöqsanlar olurdu. Mələsən, binada parket vurulması lahiyədə qeyd olunmuşdusa, laminat vururdular. Bununla bağlı rəhbərim Vüqar Səfərliyə məlumat vermişəm. O da məsələdən xəbərinin olduğunu dedi”.
D.İsmayılov sonda ona qarşı verilən ittihamları qəbul etməyib.
Prosesdə D.İsmayılovun ifadəsində ziddiyyət olduğundan istintaqa verdiyi ifadə elan olunub.
Proses noyabrın 4-də davam edəcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.
Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb