“Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarların ikinci mərhələsinə başlanılıb (FOTO)

Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə
imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və
kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlara
başlanılıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, MEDİA Agentliyi və
“ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda
fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri,
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə
tutulub.

Seminarın ikinci mərhələsinin açılış mərasimində çıxış edən
“ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor
müavini Aygün Hacıyeva Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq
təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, media və
kommunikasiya kimi vacib sahədə islahatların həyata keçirilməsində
Universitetinin təlim və tədqiqat potensialından istifadə edilməsi
bu mənada ən qabaqcıl elmi nəzəriyyələrin və təcrübələrin tətbiqi
və ADA-nın beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadəyə imkanlar
açır.

ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz
İsmayılova MEDİA Agentliyi ilə keçirilən digər layihələr kimi bu
layihənin də uğurla davam etdirildiyini bildirib. O, medianın
inkişafının cəmiyyətimizə müsbət təsir etməsindən danışıb.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli
bildirib ki, dövlət orqanları (qurumları) ilə media subyektləri
arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi
istiqamətində tədbirlərin həyata keçirilməsində ADA Universiteti
ilə sıx əməkdaşlıq gözəl təşəbbüsdür. O, belə silsilə seminarların
keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, silsilə seminarların məqsədi peşəkar əlaqələrin
qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə
işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun
proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili
kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media
ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail
olmaqdır. Seminarda yerli və xarici mütəxəssislər çıxış edir,
interaktiv müzakirə sessiyaları aparılır.

Teqlər: