Xəbər - Fərid Zöhrabov – Trend:
ADA Universitetinin İxtisasartırma Proqramları və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə 29 noyabr-17 dekabr tarixlərində keçirilən “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar silsiləsi başa çatıb. Bu münasibətlə dekabrın 23-ü ADA Universitetində məzun günü keçirilərək, iştirakçılara sertifikatlar təqdim edilib.
Trend xəbər verir ki, seminar iştirakçılarını təbrik edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, bu seminarlar İxtisasartırma Proqramları tarixində bir ilkdir. Belə ki, adətən diplomatlar, dövlət qulluqçuları və təcrübəli peşəkarlar üçün proqramlar təqdim edən İxtisasartırma Proqramları ilk dəfədir ki, bilavasitə tələbələr üçün silsilə seminarlar təşkil edərək, onlara sertifikat təqdim edib.
Bildirilib ki, seminarlar 3 həftə ərzində öz sahəsində peşəkarlığı ilə seçilən 18 ekspert tərəfindən tədris edilib. İlk həftə ərzində müasir media mühiti, jurnalist dəyərləri və məsləyin etik və peşəkar yanaşmaları, 2-ci həftə ölkəmizin tarixi, geosiyasi mövqeyi və enerji məsələlərini əhatə edən mövzular tədris edilib. Sonuncu həftənin tədris proqramı isə ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi mövzularına həsr edilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “New Media” proqramının ilk məzunlarına uğurlar diləyib, onlara bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə edib. Qeyd olunub ki, seminar iştirakçıları ilk MEDİA könüllülərindən ibarət gənclərdir.
Ə. İsmayılov əlavə edib ki, “New Media” proqramının təşkilindəki əsas məqsəd qlobal miqyasda baş verən prosesləri lazımi qaydada işıqlandırmağı bacaran gənc və peşəkar jurnalist kadrlar yetişdirməkdir.
Sonra, iştirakçılar tərəfindən hazırlanan “İnformasiya müharibəsinin Ali Baş Komandanı” filmi nümayişi etdirilib. Filmdə iştirakçıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı xarici media nümayəndələrinə verdiyi müsahibələri ilə bağlı müşahidə və təhlilləri əksini tapıb.
Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən seminarlar ADA Universitetinin idarəetmə, eləcə də professor-müəllim heyəti, ölkəmizin dövlət qurumlarının yüksəkrütbəli əməkdaşları, o cümlədən beynəlxalq təşkilatların və Azərbaycanda akkreditə olunmuş səfirliklərin ekspertləri tərəfindən tədris edilib. İştirakçıların ölkənin müxtəlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.