Media reyestrinin aparılması qaydasının hazırlanmasına başlanılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Hazırda tərəfimizdən media reyestrinin aparılması qaydası
hazırlanır və bu layihə tez bir zamanda aidiyyəti üzrə dövlət
qurumları ilə razılaşdırıldıqdan sonra təsdiq edilməsi üçün təqdim
olunacaq.

Bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru
Əhməd İsmayılov Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinə müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 8 fevral tarixli
Fərmanında altı ay ərzində Media Reyestrinin yaradılması ilə bağlı
tapşırıq nəzərdə tutulub.

“Qaydalar təsdiq olunduqdan sonra artıq texniki şərtlərin həll
olunması və reyestrin İT həllərinin təmin edilməsi istiqamətində
tərəfimizdən zəruri tədbirlər görüləcək. Düşünürük ki, altı ay
ərzində biz bu reyestri yekunlaşdırmalıyıq”, – deyə Ə.İsmayılov
bildirib.


O əlavə edib ki, Media Reyestrində həm media subyektlərimiz, həm
də könüllülük əsasında jurnalistlərimiz qeydiyyata alına
bilərlər.

“Yəni jurnalistlərimizin qeydiyyatı məcburi deyil, jurnalistlər
öz iradələri əsasında həmin reyestrdə olub-olmamaları barədə qərar
verirlər. Media subyektləri isə ümumiyyətlə qeydiyyata alınır. Həm
audiovizual media subyektləri, həm onlayn, həm də çap media
subyektləri qeydiyyata alınacaq. İnformasiya agentlikləri üçün də
media reyestrində ayrıca bir bölmə nəzərdə tutulacaq.

Media Reyestrinin yaradılmasının məqsədi media sahəsində
sistemli yanaşmanın tətbiqidir. Bu reyestr dünyada mövcud olan
bildiriş xarakterli reyestirdir, media subyektinin özünü bəyanetmə
mexanizmidir. Bu media reyestrinin formalaşması bizə imkan verəcək
ki, media sahəsinin və jurnalistlərimizlə bağlı layihələrin həyata
keçirilməsinin iqtisadi və hüquqi əsaslandırılmasını həyata
keçirək”, – deyə o qeyd edib.

Teqlər: