Media nümayəndələri üçün inklüziv təhsil mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)
və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçlığı
ilə aprelin 19-da müxtəlif media qurumlarını təmsil edən 16
nümayəndənin iştirakı ilə inklüziv təhsil mövzusunda seminar
keçirilib.

Trend xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi
tərəfindən bp və tərəfdaşlarının dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının
genişləndirilməsi” layihəsi çərçivəsində təşkil edilən seminarın
məqsədi media nümayəndələrinin inklüziv təhsilin mahiyyəti,
qanunvericilik bazası, ölkədə bu istiqamətdə görülən işlər barədə
ətraflı məlumatlandırmaq və inklüziv təhsilin mediada daha geniş və
düzgün işıqlandırılmasını təşviq etməkdir.

Seminarın açılışında çıxış edən layihə rəhbəri Fərid Süleymanov
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən 2018-ci ildən icra
olunan inklüziv təhsil layihələri çərçivəsində ölkəmizdə inklüziv
cəmiyyətin və təhsilin inkişafı sahəsində bir sıra işlərin
görüldüyünü və müsbət nəticələrin əldə olunduğunu, bu istiqamətdə
fəaliyyətlərin davamlı xarakter aldığını iştirakçıların diqqətinə
çatdırıb. Fərid Süleymanov çıxışında bildirib ki, müvafiq sahədə
layihələrin uğurla icrası nəticəsində Azərbaycan Dövlət Pedoqoji
Universiteti və onun Şamaxı, Quba, Şəki, Cəlilabad və Ağcabədi
filiallarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində fəaliyyət
göstərən 4 orta ümumtəhsil məktəbində İnklüziv Resurs Mərkəzləri
yaradılmış və tam təchiz edilmiş, beynəlxalq ekspertlərlə birlikdə
İnklüziv Təhsil üzrə Müəllim İnkişafı Proqramları hazırlanmış və
onlar əsasında 1000 ibtidai sinif müəllimi, 250 məktəb direktoru,
400 müəllim-professor heyəti, 2000-dən çox tələbə, 600-dən çox
valideyn inklüziv təhsil üzrə təlimləndirilmiş, ölkəmizdə inklüziv
təhsil üzrə qanunvericiliyin təhlili aparılaraq “Azərbaycanda
İnklüziv Təhsil Siyasətinin İcmalı” hesabatı hazırlanmış və onun
aidiyyəti dövlət qurumlarının, millət vəkillərinin, beynəlxalq
təşkilatların mütəxəssislərinin iştirakı ilə müzakirələri
keçirilmiş, 2 beynəlxalq dərslik və 10-dan çox əyani vəsait tərcümə
olunaraq çap edilmiş, ali və orta məktəblərə paylanılmış, inklüziv
təhsilə dair portal yaradılaraq ictimaiyyətin istifadəsinə
verilmiş, ADPU-nun “İbtidai təhsilin təşkili”, “məktəbəqədər
təhsil”, “təhsildə sosial-psixoloji xidmət” və “korreksiyaedici
təlim” ixtisalarının kurrikulumuna inklüziv təhsil fənni daxil
edilmiş, inklüzivliyə dair videoçarxlar, animasiyalı posterlər,
müxtəlif adda 50000-dən çox məlumatverici çap materialları
hazırlanaraq paylanılmış və yayımlanmış, Heydər Əliyev Mərkəzində
Beynəlxalq Əlillər Günü münasibəti ilə “Fərqliyik, bərabərik” adlı
uşaq festivalı keçirilmiş, beynəlxalq ekspertlərin iştirakı ilə
onlayn beynəlxalq konfrans keçirilmiş və digər təbliğat-təşviqat
işləri aparılmışdır.

Medianın İnkişafı Agentliyinin əməkdaşı Səbinə Seyidova
çıxışında əlillik və inklüziv təhsilə düzgün münasibətin
formalaşmasında, inklüziv təhsil və onun əhəmiyyəti barədə geniş
ictimaiyyətin maarifləndirilməsində medianın xüsusi rolunu şərh
edərək, bu sahədə medianın qarşısında duran vəzifələrdən
danışıb.

Seminarın sonunda media nümayəndələri ölkəmizdə inklüziv
cəmiyyətin və təhsilin inkişafı ilə bağlı təkliflərini
səsləndiriblər.

Teqlər: