Media nümayəndələri üçün içməli və tullantı su təsərrüfatı barədə təlim keçirilib (FOTO)

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2021-2023-cü illər üzrə
“Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına əsasən media
nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və
təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birgə media nümayəndələri
üçün “İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda
duran vəzifələr” mövzusunda təlim keçirilib.

ASC-dən AzerTimes-a bildirilib ki, təlim və İnnovasiyalar Mərkəzində
təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri
iştirak edib.

Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və
mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.

“Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev Səhmdar
Cəmiyyətin rəhbərliyi adından media nümayəndələrini salamlayaraq
bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə
olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli
istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən
istifadəsinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə
jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə
ixtisaslaşmasına dəstək göstərməkdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli
kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin
ixtisaslaşmasının vacibliyindən danışıb. Bildirib ki, təlimlər
media nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasına və
gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın
çatdırılmasına kömək göstərəcək.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar
Cəbrayıllı Səhmdar Cəmiyyətin fəaliyyəti, içməli və tullantı su
sektorunda görülmüş işlər, icra olunan layihələrlə bağlı təqdimat
keçirib.

“Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin
rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su
layihələri və onların əhəmiyyəti”, Medianın İnkişafı Agentliyinin
şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və
onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən
Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına
təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və
Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim
dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”,
“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi
və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan
sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və
müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı
“Müştəri xidmətləri, israfçılığın və qanunsuz qoşulmaların
qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında
təqdimatla çıxış ediblər.

Tədbir zamanı həmin mövzularla bağlı müzakirələr aparılıb,
jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Teqlər: