Media nümayəndələri reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanışlığı məqsədilə Bakı Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə müasir tələblərə uyğun qurularaq istifadəyə verilən reabilitasiya mərkəzləri şəbəkəsi Vətən müharibəsində yaralanmış qazilərimizin bərpa müalicəsi və sosial-psixoloji xidmətlərlə təminatında xüsusi önəm kəsb edir. 2019-2021-ci illərdə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.

Postmüharibə dövründə reabilitasiya müəssisələrində müharibədə yaralanmış qazi və yaxınlarının, habelə şəhid ailəsi üzvlərinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Artıq 1650 şəxs bu xidmətlərlə əhatə olunub.

Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 158 qazi isə yüksək texnologiyalı 166 protezlə təmin olunub. O cümlədən, 908 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.

KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və Vətən müharibəsi qazilərinə göstərilən xidmətlərlə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.

Teqlər: