Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan Reabilitasiya Pansionatında Vətən müharibəsi qazilərinə, həmçinin ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün mediatur təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumatda bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlik tərəfindən son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin reabilitasiya xidmətləri ilə təminatında xüsusi önəm kəsb edir. 2019-2020-ci illərdə Yevlax, Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi əsaslı təmir olunaraq və yenidən qurularaq, ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib.
2021-ci ilin 25 fevralında dövlət başçısının iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan Reabilitasiya Pansionatının açılışı olub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı Pansionat 128 palatadan ibarət olmaqla, 250 çarpayılıqdır. İldə 5 minə yaxın əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir.
Media nümayəndələri Pansionatda qazilərimizlə bağlı aparılan reabilitasiya işlərini izləyiblər.
Burada qazilərə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Müəssisədə ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlər müvafiq xidmətlərlə təmin edilir.
Jurnalistlərə postmüharibə dövründə qazilərimizlə bağlı aparılan dəstək işləri barədə məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə artıq reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb.16 hərbçi yüksək texnologiyalı yüksək texnologiyalı protezlə təmin edilib, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb.
Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsi işləri barədə də KİV təmsilçilərinə məlumatlar verilib. Media nümayəndələri qazilərlə söhbət edib, göstərilən reabilitasiya xidmətləri barədə fikirlərini öyrəniblər.