Media nümayəndələri Qəbələ və İsmayıllıda şəhid ailələri və qazilər üçün yaradılan təsərrüfatlarla tanış olublar (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla KİV nümayəndələrinin əyani tanışlığı üçün bu dəfə İsmayılı və Qəbələ rayonlarına mediatur təşkil edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, ilk olaraq jurnalistlərə 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin üzvlərinin, qazilərimizin, müharibə iştirakçılarının məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Postmüharibə dövründə həmin kateqoriyalara aid 5420 şəxs özünüməşğulluq proqramına cəlb edilib, 2250 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 569 işəgötürən qoşulub və 3302 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1033 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

İsmayıllı və Qəbələ rayonlarında da bu sahədə mühüm işlər aparılır. Media nümayəndələri ilk olaraq İsmayıllı rayonundan olan şəhid Taleh Qənbərlinin atası Abil Qənbərov üçün yaradılan təsərrüfatla tanış olublar. A.Qənbərov postmüharibə tədbirləri çərçivəsində iribuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin edilib. İsmayıllı rayonunda şəhid Həsən Abdullayevin bacısı Gülnar Abdullayevaya da özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilib. G.Abdullayeva verilmiş aktivlər hesabına arıçılıq təsərrüfatını qurub.

Qəbələ rayon sakini, qazi Nicat Ədilli də özünüməşğulluq proqramına cəlb olunaraq öz işini quranlardandır. Müharibə bitdikdən sonra N.Ədilli Dövlət Məşğulluq Agentliyi tərəfindən “dönərxana” zərfi üzrə avadanlıqlarla təmin edilib və öz kiçik biznesini yaradıb.
Proqram iştirakçıları şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz kiçik təsərrüfat və müəssisələrini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar kiçik ailə təsərüfatlarını genişləndirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

Qeyd edək ki, İsmayıllı və Qəbələ rayonu üzrə bu il 500-ə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan böyük bir hissəsi şəhid ailəsi üzvləri və qazilərdir.

Teqlər: