Media nümayəndələri 2 saylı Uşaq Reabilitasiya Mərkəzində olublar (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi KİV nümayəndələrinin sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətləri ilə əyani tanışlığı üçün Agentliyin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun ölkədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulur, reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır. 2019-2020-ci illərdə və cari ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə verilib.

Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanları daim genişləndirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan 2 saylı Uşaq Reabilitasiya Mərkəzi də ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə müasir standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub.

Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial stasunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Burada il ərzində 600-dək uşağa bərpa müalicəsi xidmətləri göstərilir.

Müəssisədə həmin kateqoriyadan olan uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikası təyin edilərək, fərdi reabilitasiya planları əsasında onların tibbi, sosial, tədris-peşə reabilitasiyası işləri aparılır. Onlar praktikada özünü doğrultmuş fizioterapevtik prosedurlardan, müalicəvi vannalardan və s. istifadə edilməklə 15-dən çox növdə reabilitasiya xidmətləri, habelə sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə əhatə olunurlar.

Onu da bildirək ki, hazırda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri vardır. Ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.

Media nümayəndələri mərkəzdə yaradılmış şəraitlə, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən xidmətlərlə, həmçinin burada reabilitasiya kursu keçən uşaqların əl işləri ilə tanış olublar.

Jurnalistlərə reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi, yeni qurulan “Reabilitasiya” altsistemi və ona uyğun veb-əsaslı növbəlilik sistemi barədə də məlumat verilib.

Teqlər: