MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib (FOTO)

Xəbər - Çingiz Səfərov – Trend:

Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbir keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib ölkənin mediasını özündə əks etdirən “Milli Mətbuat günü-146 il” adlı video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, 146 illik Azərbaycan mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında vurğulayıb ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi “Əkinçi” qəzetini nəşr etdirməklə xalqı maarifləndirmək, onu dünyada baş verən ictimai-siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək məqsədini qarşıya qoyub.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Fazil Novruzov da tədbirdə çıxış edib. Xüsusən, 1998-ci ildə senzuranın ləğvindən sonra mətbuatın inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra MEDİA Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə hazırladığı “Əkinçinin doğru sözü” adlı sənədli filminin treyleri nümayiş olunub. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktor müavini Murad Hüseynov tədbir iştirakçılarına film haqqında məlumat verib.

Tədbirdə MEDİA-nın şöbə müdiri Natiq Məmmədli “Mətbuat inciləri” jurnalının təqdimatını da edib. Həmçinin, MEDİA tərəfindən təşkil olunan Fərdi Jurnalist müsabiqəsi haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. “Mətbuat inciləri” jurnalına həsr olunan video-çarxın nümayişindən sonra tədbir iştirakçıları sərgiylə tanış olublar.

Teqlər: