“Media haqqında” qanun zərurətdən irəli gəlir – ŞƏRH

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib, qanun layihəsinin müzakirələri davam edir.

AzerTimes-a açıqlamasında media eksperti Qulu Məhərrəmli bildirib ki, bu gün “Media haqqında” qanun layihəsinin cəmiyyətdə fərqli reaksiyalar doğurması, bəzilərində hətta həyəcan və təşviş yaratması təbiidir.

“Ona görə ki, belə bir qanunun ortaya çıxması təkcə mətbuatı, jurnalistləri, media orqanlarında çalışanları deyil, bütövlükdə cəmiyyəti düşündürən məsələdir. Çünki biz hamımız informasiya istehlakçısıyıq. Ona görə də o informasiyanın bizə necə çatması, onun arxasında dayanan ictimai münasibətlərin necə tənzimlənməsi əlbəttə ki, önəmlidir.

Faktiki olaraq yeni qanunun ortaya çıxması reallıqdır və zərurətdən irəli gəlir. Çünki KİV haqqında qanun 20 il bundan əvvəl qəbul olunub və ona dəfələrlə dəyişiklik edilib. Digər tərəfdən informasiya texnologiyalarının inkişafı, internetdən istifadənin genişlənməsi cəmiyyətdə informasiya və hüquq münasibətlərinin tənzimlənməsini tələb edir. Onlayn medianın ortaya çıxardığı rəqəmsallaşma, konvergensiya, qloballaşma, diversifikasiya və s. problemlərin hamısını özündə ehtiva edən hüquqi normalar olmalıdır” – Q.Məhərrəmli qeyd edib.

Ekspertin sözlərinə görə, indiki halda qanunda bir sıra vacib müddəalar var və media sferasının bir çox sahələrini əhatə edir.

“Hətta “KİV haqqında” qanundan fərqli olaraq burada teleradio fəaliyyətinin tənzimlənməsi də nəzərdə tutulur. Bu baxımdan çox geniş bir qanundur. Lakin ciddi müzakirəyə, cəmiyyətin təkliflərinin nəzərə alınmasına, mübahisə doğuran məqamların aydınlaşdırılmasına ehtiyac var. Məsələn, bəzi müddəalar var ki, onlar mütləq beynəlxalq konvensiyaya uyğunlaşdırılmalıdır. Elə etmək lazımdır ki, Azərbaycan Konstitusiyasının 50-ci maddəsinə, qanunun işlənməsi ilə bağlı 71-ci maddəyə əks olmasın. Həmçinin beynəlxalq qanunvericilik aktlarına da uyğun olmalıdır” – ekspert əlavə edib.

Q.Məhərrəmli qanun layihəsində müəyyən mübahisəli məqamların olduğuna da diqqət çəkib.

“Media qurumlarının reyestrinə bəziləri etiraz edir. Amma biz bilməliyik ki, cəmiyyətdə nə qədər mətbuat orqanı var, onların sahibi kimdir və haradan maliyyələşir və s. Amma jurnalistlərin reysterdən keçirilməsi kimi xırda prosedur məsələlərinin qanuna salınmasına ehtiyac yoxdur. Əsas məsələ yeni informasiya texnologiyaları və internetin gətirdiyi problemlərdir. Çoxları belə düşünür ki, internet sahəsi tənzimlənməlidir. Amma beynəlxalq qanunlara görə, internet və onun media profili heç bir halda tənzimlənə bilməz. Bu baxımdan internet televiziyalarının lisenziyalaşdırmaya cəlb olunması ciddi narahatlıq yaradır. Bu gün media mühitində rənglər çoxdur, strukturlar çoxalıb. Bu gün Azərbaycanda “Youtube” kanalları və internet televiziyaları bir növ inkişaf dövrünü yaşayır. Yaxşı cəhəti odur ki, bunun bir çoxu ilə peşəkarlar məşğul olur. Bu da o sahəyə hər halda media prinsiplərini gətirir. Hesab edirəm ki, lisenziyaların tətbiqi gələcəkdə ciddi əngəllər törədə bilər. Qanun media azadlığı və insan hüquqları ilə bağlı olduğu üçün düşünürəm ki, onun üzərində media hüququ mütəxəssisləri işləməlidir. Elə etməliyik ki, sabah üçün çox mükəmməl bir qanun ortaya qoya bilək. Tələskənlik sabah bizim media sistemimizə və ölkəmizin beynəxalq imicinə zərər gətirə bilər”, – ekspert qeyd edib.

“Azvision.Az” saytının baş redaktoru Vüsal Məmmədov da yeni qanun layihəsi ilə bağlı fikirlərini Trend-ə bildirib.

“Dövlətin mediaya və fərd olaraq, jurnalistə dəstək verə bilməsi üçün əvvəlcə bir sualı cavablandırmaq lazım idi: “Jurnalist kimdir və kim jurnalistdir?!” Bu, çox vacib məsələdir. İstənilən məsələdə – lap olsun elə güzəştli kreditin verilməsində,- əvvəlcə buradan başlamaq lazımdır. Axı istənilən şəxs sayt açıb, orada nəsə paylaşa bilər. Bu hesabla, ölkədə özünü jurnalist kimi qələmə verməyə imkanı çatan bəlkə də 3-4 milyon insan var. Bunların hamısı potensial jurnalistdirlərmi?! Bu, vacib olduğu qədər də “xətalı” sualdır. Çünki ona cavab verənlər “medianı nəzarətə almaqda” ittiham olunmaq riski ilə üzləşirlər. Necə ki, olundular da. Fəqət bu addım atılmalıdır. Yeni qanun qəbul olunandan sonra biz “jurnalist kimdir və kim jurnalistdir” suallarının cavablarını biləcəyik. Bu zaman heç kimin xəbər yaymaq hüquqları məhdudlaşdırılmır. Amma xəbər yayanla jurnalisti fərqləndirmək mümkün olur. Bu, ona görə vacibdir ki, sabah kiməsə dəstək vermək, hansısa güzəştlərdən istifadəsinə şərait yaratmaq lazım gələndə, əlimizdə bir meyar olsun. Axı istəsək də, hər xəbər yayana dəstək olmaq mümkün deyil” – deyə o qeyd edib.

V.Məmmədov onu da bildirib ki, yeni qanun peşəkar medianın üzə çıxmasına imkan yaradacaq.

“Açığı, mən düşünürəm ki, cəmiyyət olaraq kritik nöqtəyə gəlib çatmışdıq: bundan o yana inkişaf edə bilmək üçün həvəskar xəbər yayanlarla institutlaşmış jurnalistikanı fərqləndirmək vacib idi. Bəli, həvəskar xəbər yayanlar peşəkar jurnalistikadan daha populyar ola bilərlər, populyardırlar və olacaqlar da. Amma məhz elə buna görə də ikisini fərqləndirib, peşəkar mediaya dəstək vermək lazım idi. Əks halda hamımız yavaş-yavaş “tiktok”laşmalı idik” – o əlavə edib.

Teqlər: