“Media haqqında” qanun layihəsi informasiya təminatı ilə bağlı missiyanın daha peşəkar həyata keçirilməsinə şərait yaradacaq – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Söz azadlığı və fikir plüralizminin təmin edilməsi hər bir demokratik cəmiyyətin təməl prinsipi kimi cıxış edir. “Media haqqında” yeni qanun layihəsi məhz bu prinsiplərin cəmiyyətimizdə daha da möhkəmləndirilməsinə, informasiya təminatı ilə bağlı missiyanın daha peşəkar, universal qəbul olunmuş qaydalara uyğun həyata keçirilməsinə şərait yaradacaq.

Bunu AzerTimes-a millət vəkili Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı və media sahəsində geniş tətbiqi bu aspektdə hüquqi islahatları qaçılmaz etdi:

“Müzakirəyə təqdim olunan “Media haqqında” yeni qanun layihəsi məhz bu sahədə müasir tendensiyaları nəzərə alaraq münasibətlərin tənzimlənməsi üçün yeni və təkmil hüquqi baza təqdim edir.

Bir sıra məqamları xüsusi qeyd etmək lazımdır. Qanun layihəsinin 13-cü maddəsi müəllif hüquqlarının qorunması istiqamətində münasibətləri tənzimləyir. Sənəd eyniyyət, yeknəsəqlik, bir-birini təkrarlayan mövzulardan qurtulmaqla jurnalistikanın peşəkar və dinamik inkişafına təkan verəcək. Eyni zamanda media vasitələrini öz redaksiya siyasətlərinə uyğun olaraq orijinal kontent təqdim etməyə stimullaşdıracaq”, – deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, qanun layihəsi kifayət qədər demokratik prinsiplərə söykənir, media fəaliyyətini məhdudlaşdırmır, lisenziyalaşmanı daha çevik həyata keçirməyə imkan verir.

Millət vəkilinin sözlərinə görə, jurnalistikanın nüfuzunu qorumaq həm də cəmiyyətin demokratik əsaslarla inkişafının ayrılmaz bir komponenti kimi çıxış edir:

“Ölkəmizdə jurnalistlərin peşə fəaliyyətini həyata keçirmələri üçün aydın hüquqi çərçivələrin müəyyənləşdirilməsi onun davamlı inkişafını təmin edir. Hüquqi bazanın daim təkmilləşdirilməsi isə günün tələbidir.

İnformasiya təhlükəsizliyini gücləndirmək, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaq yeni qanun layihəsinin ana xəttini təşkil edir.

Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan sonra media sahəsində ciddi işlər aparılıb. “Media haqqında” qanun layhəsinin hazırlanması da bu islahatların tərkib hissəsidir”, – deyə S.Mikayılova vurğulayıb.

Deputat əlavə edib ki, 1999-cu ildən qüvvədə olan və saysız şəkildə dəyişdirilən “Kütləvi İnformasiya Vasitələri haqqında” mövcud qanun yeni reallıqların tələbinə adekvat deyildi, mütərəqqi tendensiyaları və media innovasiyalarını tənzimləyə bilmirdi:

“Dinamik inkişaf edən media sektoru hər zaman yeni çağırışlarla üz-üzədir, informasiya texnologiyaları, yeni nəsil media vasitələrinin meydana gəlməsi bu sahədə münasibətlərin tənzimlənməsinə yeni baxış tələb edir. Yeni qanunda media peşəkarlığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistika sahəsinin təkmilləşdirilməsi, yeni peşəkar kadrların formalaşmasında mühüm rol oynayacaq”, – deyə S.Mikayılova əlavə edib.

Teqlər: