MEDİA Agentliyi ənənəvi mediadan yeni mediaya keçid prosesini beynəlxalq ekspertlərlə müzakirə edib (FOTO)

Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı və beynəlxalq ekspertlərin iştirakı ilə “Ənənəvi
mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər”
mövzusunda dəyirmi masa keçirilib.

AzerTimes xəbər verir ki,
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun
moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan
Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar,
Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, “Sabah” qəzetinin əməkdaşı Mahmud Övür və “Star” qəzetinin köşə
yazarı Ardan Zentürk çıxış ediblər.

Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru
Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar
barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun
keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media
subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki,
MEDİA Agentliyi çap mediasının onlayn formata keçidinin təmin
edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və
dərgilərin elektron versiyasının yerləşdiriləcəyi “E-köşk”
platformasının yaradılması prosesini başa çatdırmışdır. İcraçı
direktor bildirib ki, dövlət dəstəyinin məqsədi çap mediasının
yalnız biznes strukturu kimi formalaşmasına yardım etmək deyil,
texniki imkanlar baxımından onlayn media ilə bərabər olmayan
rəqabət şəraitində ciddi fikir tribunası kimi qəzetlərin ayaqda
qalmasına kömək göstərməkdir. Başqa sözlə desək, dövlət yazılı
medianın timsalında Azərbaycan dilinin inkişafına, ənənəvi
publisistik düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə
plüralizmin möhkəmlənərək sərhədlərinin genişlənməsinə dəstək
göstərir.

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun
prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra
Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu
bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini
vurğulayıb.

Dəyirmi masada müzakirəyə qatılan Türkiyədə akkreditasiyadan
keçmiş beynəlxalq media subyektlərinin təmsilçiləri medianın müasir
trendləri ilə bağlı fikirlərini bildirib və Türkiyə təcrübəsindən
çıxış edərək rəqəmsal media mühitinə keçidlə bağlı düşüncələrini
bölüşüblər.

Teqlər: