İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti öz işini davam etdirir.
KOBİA-dan AzerTimes-a verilən məlumata görə, oktyabrın 28-də sammit çərçivəsində “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış”, “İnvestisiya qərarlarında mədəni ölçü”, “Startap layihələrinə investisiya qoyuluşu” və “Davamlı inkişaf məqsədlərinə nail olunması üçün texnoloji investisiyaların rolu” mövzularında panel müzakirələr təşkil olunub.
Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı sammit çərçivəsində xüsusi panel təşkil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə hibrid formatda keçirilmiş “Regionun əsas sosial və iqtisadi çağırışları: Nizami Gəncəvi üzrə baxış” mövzusunda paneldə Nizami yaradıcılığının dünya ədəbiyyatına və mədəniyyətinə verdiyi töhfə, iqtisadi, ticari və mədəni münasibətlərin Nizaminin əsərlərində təzahürü, şairin fikirlərinin müasir bazar iqtisadiyyatı dövrü ilə səsləşməsi, investisiyanın cəlb edilməsinə mədəni əlaqələrin təsiri haqqında məlumat verilib. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Kəşmir Universitetinin professorları Nasim Ahmad Şah və Qulam Nəbi Xaki, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Mahmut Erol Kılıç mövzu ilə bağlı fikirlərini bölüşüblər.
“İnvestisiya qərarlarında mədəni ölçü” panelində dünyada cərəyan edən müxtəlif proseslər, rəqəmsallaşma və 4-cü Sənaye İqilabı fonunda mədəniyyətin üzləşdiyi çağırışlar, texnoloji inqilablar əsrində mədəniyyətə yeni baxış, mədəniyyətin dayanıqlı inkişafında gənclərin rolu, mədəni dəyərlərin qorunması, yaradıcı gənclərin dəstəklənməsi istiqamətlərində fikir mübadiləsi aparılıb. Mədəniyyət nazirinin birinci müavini Elnur Aliyev, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru Elməddin Mehdiyev, Rusiya Federasiyasının Tatarıstan Respublikasının İnvestisiyaların İnkişafı Agentliyinin layihə meneceri Alina Ravzutdinova və “Türk Hava Yolları”nın İnsan resursları üzrə baş direktoru Abdulkerim Çay mövzuya dair çıxış ediblər.
“Startap layihələrinə investisiya qoyuluşu” mövzusunda paneldə startapların maliyyələşdirilməsinə, bank sektorunun inkubasiya mərkəzləri ilə əməkdaşlığına, iqtisadiyyatın hərəkətverici qüvvəsi olan mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə, bu sahədə bankların təcrübəsinə dair məlumat verilib. Mövzu ilə bağlı “Paşa Bank”, Azərbaycan Beynəlxalq Bankı, sammitə dəstək göstərən “Kapital Bank”ın, eləcə də “Alkan Consulting”, Türkiyənin “Halkbank” və “Ziraat Katılım Bankı”nın nümayəndələri fikirlərini bölüşüblər.
“Davamlı inkişaf məqsədlərinə nail olunması üçün texnoloji investisiyaların rolu” panelində isə “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin akseleratorunun rəhbəri Nərgiz Quliyeva, Türkiyə-Azərbaycan İşgüzar Şurasının (DEİK) sədri Selçuk Akat, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yanğın, tədbirə onlayn qoşulan Malaziyanın “Perdana Dialogue” Fondunun baş icraçı direktoru Rafi Yusuf texnoloji investisiyaların önəmi, ətraf mühitə və iqlim dəyişikliklərinə təsiri, BTM-nin Dayanıqlı İnkişaf Məqsədləri, insan kapitalı, innovativ inkişaf, müasir texnoloji vasitələrdən istifadə, kiber təhlükəsizlik kimi istiqamətlərdə çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin son günü – oktyabrın 29-da tədbir iştirakçıları Şuşa və Füzuli şəhərlərinə səfər edəcək, Gəncə şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni tədbirlərdə iştirak edəcəklər.