Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında Memorandum imzalanıb

7 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair
Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar
Kərimov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev imzalayıblar.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunan
ərazilərdə tarix və mədəniyyət abidələrinin bərpası,
yenidənqurulması və qorunması, işğaldan azad edilən ərazilərdə
dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına,
inkişafa və nəticədə bu ərazilərin yüksək rifaha malik regiona
çevrilməsinə töhfə verməkdir.

Anlaşma Memorandumunda işğaldan azad olunan ərazilərdə bərpaya
ehtiyacı olan tarixi və mədəni obyektlərin real vəziyyətinin
təhlili, tarixi və bədii maraq baxımından Azərbaycan xalqı üçün
böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irsin
bərpası və yenidənqurulması, mədəniyyət müəssisələrinin tikintisi
sahəsində dövlət-özəl tərəfdaşlığı mexanizminin hazırlanması,
təşviqatı və inkişaf etdirilməsi, bu ərazilərdə yaradıcı
sənayelərin formalaşması prosesinin təşviqi və dəstəklənməsi kimi
məsələlər əhatə olunub.

Razılaşmada eyni zamanda, tarix-memarlıq və arxeoloji abidələrin
tədqiqatının, mütəxəssis qrupları tərəfindən abidələr üzrə təhlilin
aparılması, təhlil və tədqiqatlar əsasında elmi nəşrlərin təşkili,
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bölgənin
tarixi, mədəniyyəti, adət-ənənələri və digər dəyərlərinə həsr
olunan, o cümlədən Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının
mədəniyyət paytaxtı və 2024-cü ildə İslam mədəniyyətinin paytaxtı
elan edilməsi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi öz
əksini tapıb.

Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərin bərpası
istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək
göstərməsi, ianələrin cəlb edilməsi Qarabağa vurulan ziyanın həcmi
barədə məlumatlandırılmasından birbaşa asılıdır.

Bu əməkdaşlıq çərçivəsində Azərbaycan cəmiyyətinin və diasporun
geniş dairələrini bərpa və yenidənqurma işlərinə cəlb etmək,
onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq, erməni işğalı
nəticəsində Qarabağa dəyən zərər haqqında məlumatlandrmaq məqsədilə
ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin
aparılması, ianə mədəniyyətinin təbliği kimi əhəmiyyətli məsələləri
də əhatə edəcək.

Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin
bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının
yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol
oynayacağını ifadə ediblər.

Teqlər: