Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb

Xəbər - Trend.

Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb.

AzerTimes-ın məlumatına görə, nekroloqda deyilir:

“Azərbaycanın musiqi mədəniyyətinə ağır itki üz verib. Azərbaycan xalqının sevimli sənətkarı, bənzərsiz muğam ustası, ömrünün 60 ilindən çoxunu muğama, Azərbaycan musiqisinə həsr edən Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, professor Canəli Xanəli oğlu Əkbərov 2021-ci il oktyabrın 22-də vəfat edib.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərib. Оnun Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa, Böyük Britaniyada çıxışları milli musiqimizə geniş şöhrət gətirib.

Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış xanəndənin muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.
1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaradıb.


Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışıb.

Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

Unudulmaz muğam ustası Canəli Xanəli oğlu Əkbərovun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin!”

Teqlər: