Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib.
Mədəniyyət Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, – deyə nazir çıxışında qeyd edib.
Anar Kərimov, həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.
Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb. “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb.
BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.