Sosial şəbəkələrdə yayılan məlumatlara görə, aprelin 21-də
Mədəniyyət Nazirliyi ölkə teatrlarına və mədəniyyət müəssisələrinə
məktub göndərərək qadın işçilərə işə gələrkən dikdaban
ayaqqabılardan, cins və dar şalvarlardan, qısa geyimlərdən, qırmızı
dodaq və dırnaq boyasından, həmçinin bu rəngdə geyimlərdən istifadə
etmək qadağası qoyulduğu bildirilib.
Məsələ ilə bağlı AzerTimes-ın sorğusunu Mədəniyyət Nazirliyindən
cavablandırıblar.
Açıqlamada qeyd edilir ki, Mədəniyyət Nazirliyinin Aparatının və
strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək
münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən
qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən
dövlət qulluqçularının xidməti davranışı “Dövlət qulluqçularının
etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilir.
“Adıçəkilən Qanunda etik davranış qaydalarına dair ümumi
müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını
dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış
mexanizmi və qaydaların işlənib hazırlanması səlahiyyəti dövlət
orqanlarına həvalə edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək
intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam
qaydalarının hazırlanması nəzərdə tutulub.
Mədəniyyət Nazirliyində Daxili İntizam Qaydaları Əmək
Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri
tənzimləyən digər normativ hüquqi aktların tələbləri və
müəssislərdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər
nəzərə alınaraq hazırlanıb. Qaydalarda hər hansı işçinin və ya
şəxsin hüquqlarını və ya azadlıqlarını hər hansı şəkildə
məhdudlaşdıran heç bir hal nəzərdə tutulmayıb. Əksinə, əmək
müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə
yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl
edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin
dəyərləndirilməsi nəzərə alınıb.
O ki qaldı geyimlə bağlı tələblərə, Qaydalarda heç bir qadağadan
söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox
dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta
bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri
üçün “dress-kod” müəyyən edirlər.
Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət
mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim
və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu
nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı
heç bir tələb və ya tövsiyə nəzərdə tutulmayıb”, – deyə nazirlik
qeyd edir.