Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanıldığı elan edilib.
Prokuror ittiham aktını elan edib.
İttihama görə, Sultanov Zakir İmran oğlu tərəfindən Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
İttihamda bildirilib ki, Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün ayrılan 2.4 milyon manatın 300 min manatı nağdlaşdırılaraq Zakir Sultanov tərəfindən mənimsənilib. Bundan başqa təqsirləndirilən şəxs vəzifədə olarkən Lənkəran şəhərində tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatın nağdalaşdırılaraq öz şəxsi mənafeyi üçün istifadə edib.
Bu iki iş üzrə ayrılan vəsait Mətləb Məmmədov adlı şəxsə məxsus şirkətə ayrılıb. Belə ki, Masallı rayonu və Lənkəran şəhərlərində təmir, tikinti və bərpa işlərini Mətləb Məmmədov həyata keçirib.
M.Məmmədov “Elmi-Bərpa İstehsalat” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.
İttihamda qeyd olunub ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən musiqi məktəbinin və Mülsüm Maqomayev adına musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılaraq mənimsənilib.
Bundan başqa ittihamda Z.Sultanov tərəfindən Maştağa qəsəbəsində mədəniyyət mərkəzinin abadlaşdırılması, Milli İncəsənət Museyinin təmiri üçün ayrılan vəsaitlərin və 950 manat internet pulunun da şəxsi mənafe üçün xərclənildiyi öz əksini tapıb.
Daha sonra prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmədə elan olunan ittihamla Zakir Sultanov özünü qismən təqsirli bilib. Hakim xatırladıb ki, təqsirləndirilən şəxs istintaqda özünü tam təqsirli bildiyini deyib.
Növbəti proses avqustun 20-ə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.
Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, R.Bayramovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilir.