Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanın işğaldan azad olan ərazilərində yerləşən milli-mədəni abidələrimizin bərpası post-müharibə dövründə mədəni irsimizin erməni saxtakarlığından xilas olduğu dönəm olacaq.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, zaman-zaman Azərbaycan torpaqlarını işğal edərək öz ərazisini genişləndirmək kimi mənfur niyyəti naminə ağlasığmaz saxtakarlıqlara əl atan dünya erməniliyinin planları alt-üst oldu:
“Cənab Prezident İlham Əliyev bütün dünyaya bu torpaqların tarixi sahiblərinin, əsl sakinlərinin kim olduğunu tutarlı tarixi dəlillərlə sübut edib. Xalqımıza xas olan və ulu köklərimizdən qaynaqlanan bəşəri dəyərlərə hörmət çağdaş tariximizin qorunub-saxlanmasında da əsas meyar olacaq. Bu torpaq üzərində olan bütün maddi və mənəvi varidatımızı qoruyub-saxlamaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq əsas missiyamızdır. Çünki bu abidələrin hər biri zəngin tariximizin şahidi və sübutudur. İstər 5 000 ildən çox yaşı olan Azıx mağarası, istərsə də Qarabağ Xan Sarayı, Xan qızı Natəvanın Sarayı, Vaqif Türbəsi çoxəsrlik tariximizin əvəzolunmaz milli sərvətimizdir”.
Deputat bildirib ki, dağıdılmış milli-mədəni abidələrimizin bərpası bu gün ən çox diqqət ayrılan məsələlərdəndir. Eyni zamanda, erməni saxtakarlığının və vandalizminin qurbanı olan, yer üzündən silinmiş tarixi abidələrimizin yenidən bərpa olunaraq tarixə vəsiqə alması da tarixi ədalətin və həqiqətin bərpası baxımından çox vacibdir:
“Dövrünün milli memarlıq üslubunu ehtiva etməklə və orijinal vəziyyətinə müraciət etməklə bu abidələrin həyata qaytarılması erməni vandalizminin susdurulması üçün mühüm addım ola bilər. Bu yanaşma tariximizin zəngin səhifəsini silmək və dünyanı aldatmaq üçün görülən bütün səylərı birmənalı heçə endirəcək.
Xüsusi olaraq, qeyd etmək istərdim ki, milli mədəni abidələrimizin bərpası layihələri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçiriləcək. Prezident İlham Əliyevin ifadəsi ilə söyləsək, bu işlər Heydər Əliyev Fondunun zövqü ilə, yəni yüksək səviyyədə, elə zəfərimizə layiq yüksək zövqlə icra olunacaq.
Tarixi abidələr millilik anlamından cıxıb, daha geniş bəşəri anlam daşıyır, bəşəriyyətə qarşı belə çirkin cinayətlərin törədilməsi bağışlanmazdır. Hüquqi müstəvidə bu yöndə mübarizə aparıb, kimin kim olduğunu qanunun ən sərt üzü ilə anlatmalıyıq. Erməni fitnəkarlığının mədəniyyətimizə uzanan əlini birmənalı qanun dili ilə kəsməliyik”.