Xəbər - Elçin Mehdiyev – Trend:
Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Komitə bəyan edir ki, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” fondu üçün vəsait tutulmayıb:
“Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.
Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir”.