MDU və Qazi Universitetinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib (FOTO)

2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universiteti
(MDU) və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə
Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan “İnsanlıq
tarixinin qara ləkəsi: Xocalı qətliamı” mövzusunda anım tədbiri
keçirilib. Tədbirdə hər iki universitetin akademik və inzibati
heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak
ediblər.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən
tədbirə Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab Tarixi
Araşdırma və Tətbiq Mərkəzi”nin rəhbəri Mehmet Ali Çakmak
moderatorluq edib.
Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Qazi
Universitetinin prorektoru Bekir Buluç çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov
Xocalı faciəsinin otuzuncu ildönümünə həsr olunan ortaq anım
proqramının təşkilində əməyi olanlara və məruzəçilərə təşəkkürünü
çatdırıb.

Xocalı soyqırımının, haqlı olaraq, insanlıq tarixinin qara
ləkələrindən biri hesab edildiyini vurğulayan rektor tədbirin
mövzusunun faciənin əsl mahiyyətini əks etdirdiyini bildirib. Otuz
il əvvəl, erməni cəlladlarının Xocalı şəhərində heç bir günahı
olmayan dinc insanları, o cümlədən qocaları, qadınları və uşaqları
yalnız azərbaycanlı olduqları üçün xüsusi amansızlıqla qətlə
yetirdiyini qeyd edən Ş.Bayramov bu qanlı faciəni dünya tarixində
törədilmiş ən qəddar qırğınlardan biri kimi dəyərləndirib.

Qətliamı törətməklə Azərbaycan insanını qoxutmaq və onun
mübarizlik əzmini qırmaq istəyən düşmənin mənfur niyyətlərinə nail
ola bilmədiyini söyləyən rektor bu faciənin bir daha ermənilərin
faşist və vəhşi simalarını ortaya qoyduğunu deyib. Müzəffər Ali Baş
Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin
qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan
tarixi Zəfərdən danışan Ş.Bayramov doğma Qarabağın işğaldan azad
edilməsilə Xocalı şəhidlərinin qanlarının yerdə qalmadığına və
onların ruhunun şad olduğuna əminliyini ifadə edib. Xocalı
qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla anıldığını
bildirən rektor bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa
diləyib.

Azərbaycan-Türkiyə qardaşlığının bu gün daha yüksək zirvələrə
ucalmasından danışan rektor tarixin bütün dönəmlərində Türkiyənin
daim Azərbaycanın yanında olduğunu, böyük siyasi, diplomatik və
mənəvi dəstək göstərdiyini vurğulayıb. Qarabağ həqiqətlərinin geniş
ictimaiyyətə çatdırılmasında və Azərbaycanın haqq işinin
dəstəklənməsində Qazi Universitetinin yüksək fəallığı ilə
seçildiyini qeyd edən Ş.Bayramov qardaş ölkənin bu aparıcı ali
təhsil müəssisəsində Xocalı faciəsi ilə bağlı çoxlu sayda
tədbirlərin keçirildiyini diqqətə çatdırıb və bu fəaliyyətlərdə
əməyi olan universitetin bütün professor-müəllim, inzibati-texniki
və tələbə heyətinə minnətdarlığını bildirib.


Tədbirin açılışında çıxış edən Qazi Universitetinin prorektoru
Bekir Buluç, ilk növbədə, təmsil etdiyi universitetin rektoru Musa
Yıldızın salamlarını çatdırıb və ortaq tədbirin keçirilməsinə
dəstək göstərən hər iki universitetin əməkdaşlarına təşəkkürünü
bildirib.
Yaxın tariximizdə bir çox soyqırımların və qətliamların baş
verdiyini dilə gətirən prorektor otuz il əvvəl Xocalıda müdafiəsiz
dinc insanların kütləvi şəkildə qəddarlıqla qətl edilməsi və
soyqırıma məruz qalması hadisəsini hər zaman olduğu kimi şiddətlə
qınadıqlarını söyləyib.
B.Buluç Türk dünyası coğrafiyasının bir parçası olan qardaş
Azərbaycanın tarixi və əzəli torpağında törədilmiş bu soyqırım
hadisəsinin otuzuncu ildönümündə Xocalı qurbanlarının əziz
xatirəsinin dərin ehtiram və rəhmətlə anıldığını qeyd edib.

Qazi Universiteti olaraq hər zaman Türk millətinin dəyərlərinə
sahib çıxmaq, bu dəyərləri gələcək nəsillərə ötürmək, bütün Türk
dünyasının kədərinə və sevincinə şərik olmaq məsuliyyəti ilə
hərəkət etməyə çalışdıqlarını vurğulayan prorektor Xocalı
qətliamının gənclərə müxtəlif aspektlərdən izah edilməsi baxımından
tədbirin önəmindən danışıb və bir daha tədbirin təşkilində əməyi
olanlara təşəkkür edib.

Sonra, proqrama uyğun olaraq Qazi Universitetindən professor
İbrahim Ethem Atnur “Xocalı qətliamına gedən yol: Qafqazda
Türk-erməni münaqişəsinin tarixi əsasları” və dosent Zeki Gürel
“Xocalı qətliamının ədəbi əksi” mövzularında, MDU-dan baş müəllim
İlham Məmmədov “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayət aktının
ən qəddar nümunəsidir”, müəllim və Xocalı sakini Tahirə Quliyeva
“Xocalı qətliamı xatirələrdə” mövzularında məruzələrlə çıxış
ediblər.

Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar belə bir
ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər iki
ali təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu
istiqamətdə birgə fəaliyyətin davamlılığını arzulayıblar.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr
olunan silsilə tədbirlər davam edir.

Teqlər: