2022-ci ilin fevralın 1-dən martın 31-dək Mingəçevir Şəhər İcra
Hakimiyyətində təşkil edilmiş könüllülük fəaliyyətinə Mingəçevir
Dövlət Universitetinin (MDU) 10 tələbəsi cəlb olunub. Mingəçevir
Şəhər İcra Hakimiyyətində iki aylıq könüllülük fəaliyyətini başa
vuran gənclərlə keçirilən görüşdə MDU-nun sözügedən tələbələri də
iştirak ediblər.
MDU-dan AzerTimes-a
bildirilib ki, görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham
İsmayılov gəncləri təbrik edərək könüllüllük hərəkatının
əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət orqanlarında gənclərin
potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün
sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə
vərdişlərini aşılamaq və təcrübi bilikləri ötürmək, onların
yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək
və könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə ölkədə gənclər
arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə
başlanılmışdır. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin
göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə
proqramlar icra olunur, gənclər siyasəti uğurla davam etdirilir.
Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayan başçı
könüllülərə müvafiq tövsiyələrini çatdırıb və onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Könüllülər çıxış edərək Mingəçevir İcra Hakimiyyətində təcrübə
keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını
bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm
əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Sonda könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri
çəkilib.
Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı
vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını
diqqət mərkəzində saxlayan MDU-da tələbələrin çoxşaxəli könüllülük
fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək
tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.