2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin “Tələbə İnkişaf
Platforması” layihəsi çərçivəsində görüş keçirilib. MDU-nun Karyera
və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Dövlət
Məşğulluq Agentliyinin əməkdaşları, universitetin bir qrup akademik
və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak
ediblər.
Universitetin Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil
Bağırovun moderatorluq etdiyi görüşdə Dövlət Məşğulluq Agentliyinin
Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, aparıcı mütəxəssisi
Əli Qurbanlı və karyera məsləhətçisi Pərviz Əfəndizadə təqdimatla
çıxış ediblər.
Bildirilib ki, “Tələbə İnkişaf Platforması” tələbələrə karyera
planlaması və inkişafı üzrə təlimlər keçən, eyin zamanda,
universitetlərin karyera mərkəzləri ilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərəcək Dövlət Məşğulluq Agentliyinin layihəsidir.
Çıxışlarda karyera planlaması zamanı diqqət yetirilməsi vacib
olan əsas amillərdən, əmək bazarında tələb və təklifin və ətrafdakı
insanların karyera seçiminə təsirlərindən, müasir dövrdə insanın
dəyərini artıran yumşaq bacarıqlardan (soft skills) bəhs
edilib.
Görüş iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
təhsilalanların karyera inkişafı diqqət mərkəzində saxlanılır və bu
məqsədlə tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə
xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və
İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.