MDU-nun rektoru Ankara Hacı Bayram Veli Universitetini ziyarət edib (FOTO)

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyəyə səfəri çərçivəsində Ankara şəhərində yerləşən Hacı Bayram Veli (AHBV) Universitetinin rektoru Yusuf Tekin ilə görüşüb.

MDU-nun nümayəndə heyətini səmimi salamlayan Y.Tekin, ilk növbədə, 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfər münasibətilə qonaqları təbrik edib. AHBV Universitetinin 2018-ci ildə Türkiyənin köklü ali təhsil müəssisələrindən birindən ayrılaraq qurulduğunu qeyd edən Y.Tekin qısa müddətdə əldə edilən uğurlardan bəhs edib.
Yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasında universitetlərarası işbirliyinin önəmindən danışan Y.Tekin AHBV Universitetində bakalavriat, magistratura və dokorantura səviyyələri üzrə həyata keçirilən təhsil proqramları barədə məlumat verib, mümkün əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb. Erasmus+, Mevlana və digər proqramlar vasitəsilə tələbə və müəllim mübadiləsi imkanlarından bəhs edən Y.Tekin ortaq layihələrin əhəmiyyətini vurğulayıb, ikitərəfli əməkdaşlıq çərçivəsində MDU-ya müvafiq dəstək göstərməyə hazır olduqlarını bildirib.

Qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayan MDU-nun rektoru Ş.Bayramov universitetlər arasında ikitərəfli əməkdaşlığa göstərilən diqqətə görə təşəkkürünü bildirib. Ş.Bayramov təhsilin keyfiyyəti və cəmiyyətə verdiyi töhfə baxımından Türkiyənin ali təhsil məkanında özünəməxsus yerə sahib olan AHBV Universiteti ilə tərəfdaşlığın yaradılması məqsədini daşıyan görüşdən məmnunluğunu ifadə edib.
Azərbaycanda dövlət tərafindən ali təhsilə göstərilən yüksək diqqətdən və regionların davamlı inkişafına xüsusi önəm verilməsindən bəhs edən Ş.Bayramov regionda yerləşmənin MDU-ya qazandırdığı üstünlüklər və yeni imkanlar haqqında məlumat verib. Son dövrdə MDU-da həyata keçirilən keyfiyyət dəyişiklikləri və qarşıda dayanan strateji hədəflər barədə danışan Ş.Bayramov yeni dövrün tələblərinə cavab verən universitet quruculuğu baxımından səmərəli beynəlxalq əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Görüş çərçivəsində hər iki universitetin İqtisadiyyat və idarəetmə fakültələri arasında tələbə və müəllim mübadiləsi, ortaq konfransların keçirilməsi, birgə tədqiqatların aparılması, fakültə idarəçiliyinin təkmilləşdirilməsi, struktur islahatlarının dəstəklənməsi, professor-müəllim və tələbə heyəti arasında əlaqələri gücləndirən müxtəlif formatlı tədbirlərin keçirilməsi və digər məsələlər barədə ilkin razılıq əldə edilib.

Səmimi formatda keçən görüşdə Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova, AHBV Universitetinin prorektoru Orhan Kurtoğlu və MDU rektorunun müşaviri Hamiz Mahmudov da iştirak ediblər.

Teqlər: