MDU komandaları “Mingəçevir Gənclər Debat Forumu”nun finalçıları olublar (FOTO)

2022-ci ilin 23 may tarixində Gənclər və İdman Nazirliyinin
dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin
təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022”
layihəsi çərçivəsində keçirilən “Mingəçevir Gənclər Debat Forumu”
layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.

Mingəçevir Dövlət Universitetinin (MDU) evsahibliyi ilə
keçirilən tədbirdə, əvvəlcə, Dövlət Himni səsləndirilib və
ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz
xatirəsi yad olunub.

Tədbirdə Mingəçevir şəhər Gənclər və İdman idarəsinin rəhbəri
Kamal Nəcəfli, Mingəçevir Regional Debat Mərkəzinin rəhbəri Etiram
Sadıqzadə, MDU-nun Karyera və İnkişaf Mərkəzinin direktoru Cəlil
Bağırov, təhsil müəssisələrinin nümayəndələri, təşkilat rəhbərləri
və tələbələr iştirak ediblər.

Açılış nitqlərində Forumun əhəmiyyəti barədə məlumat verilib.
Bildirilib ki, layihənin məqsədi gənclər arasında natiqlik
mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərarvermə
proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət
gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və
erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını
artırmaq, fikir mübadiləsi aparmaqdır.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur”
mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində
Mingəçevir şəhərinin ali və orta-ixtisas təhsil müəssisələrinin
tələbələri iştirak edib və maarifləniblər. Debatlarda 9 komanda
olmaqla 36 gənc yarışıb. Final mərhələsində MDU-nun “Qarabağ” və
“Ağdam” komandaları debat aparıblar.

Tədbirin sonunda ən yaxşı natiqlər, finalçı və qalib “Ağdam”
komandası mükafatlandırılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır və bu
məqsədlə onların bilik və bacarıqlarının artırılmasına hədəflənən
müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm
verilir.

Teqlər: