MDU Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramında təmsil olunacaq (FOTO)

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramı ilə
bağlı məlumatlandırıcı görüş keçirilib.

MDU-dan AzerTimes-a verilən məlumata görə, akademik və inzibati
heyət üzvlərinin, tələbə və magistrantların qatıldığı görüşdə
universitetin rektoru Şahin Bayramov, Dövlət Vergi Xidmətinin İnsan
Resursları Baş İdarəsinin rəisi Aytən Kərimova və Tədris Mərkəzinin
rəis müavini Mirəli Kazımov çıxış ediblər.

Tədbir iştirakçılarını və qonaqları salamlayan MDU-nun rektoru
Ş.Bayramov ölkənin dayanıqlı inkişafında verginin rolundan bəhs
edib. Son illərdə vergi sahəsində idarəetmənin səmərəliliyinin
artırılması və şəffaflığın gücləndirilməsi məqsədilə sistemli
dövlət tədbirlərinin həyata keçirildiyini bildirən Ş.Bayramov
ölkəmizdə vergi orqanlarında fəaliyyət göstərən mütəxəssislər
qarşısında qoyulan tələblərin əhəmiyyətli dərəcədə artdığını deyib.
Əmək bazarının müasir tələblərinə uyğun səviyyədə kadr hazırlığının
həyata keçirilməsinin ali təhsil müəssisələri qarşısında duran
başlıca vəzifələrdən biri olduğunu qeyd edən rektor bu istiqamətdə
universitetdə görülən işləri diqqətə çatdırıb və Dövlət Vergi
Xidmətinin Yay Təcrübə Proqramını müsbət dəyərləndirib. Proqramın
tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, karyera
inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edən
Ş.Bayramov bu təşəbbüsdən MDU-nun da faydalana bilməsi üçün
yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Proqrama verilən dəstəyə görə MDU rəhbərliyinə təşəkkür edən
Xidmətin İnsan Resursları Baş İdarəsinin rəisi A.Kərimova təcrübə
proqramının məqsədləri və hədəfləri barədə ətraflı məlumat verib,
əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında seçilmiş tələbələrin
Yay Təcrübə Proqramından yararlana biləcəyini qeyd edib. Bildirilib
ki, tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq,
onların vergi sahəsində nəzəri və praktiki biliklərinin
artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə
Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədi daşıyan proqram
2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün
ödənişsiz təşkil edilir. Təcrübə proqramı çərçivəsində tələbələr
nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi
orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak
etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı
qazanacaqlar.

Layihənin paytaxtla yanaşı, regionlarda yerləşən ali təhsil
müəssisələrini də əhatə etdiyini vurğulayan Xidmətin Tədris
Mərkəzinin rəis müavini Mirəli Kazımov sözügedən proqramın
rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi
formalaşdırılması baxımından önəmini qeyd edib. MDU-da tədrisin
məzmununun inkişafı sahəsində atılan addımları yüksək
qiymətləndirən M.Kazımov əməkdaşlığın bu istiqamətdə görülən işlərə
əhəmiyyətli töhfə verəcəyinə inandığını söyləyib. Diqqətə
çatdırılıb ki, Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla
cari ilin iyulun 1-dən sentyabrın 2-dək davam edəcək. Təcrübə
proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi
Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay
düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə
sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi
ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə
qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və
seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli
keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara
səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq
kompleksindən istifadə üçün şərait yaradılacaq. Yay düşərgəsinin
davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda
yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda
Proqramı uğurla bitirən tələbələrə sertifikat veriləcək.

Sonra çıxış edən Xidmətin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin
rəisi Vüsal Məmmədov və İnsan Resursları Baş İdarəsinin şöbə müdiri
Kamran Məmişov proqramda iştirak etmək üçün sənəd qəbulu barədə
ətraflı məlumat veriblər və tələbələrin layihədə fəal iştirak
edəcəklərinə əminliklərini bildiriblər. Universitetlə qarşılıqlı
faydalı əməkdaşlığın potensial istiqamətləri və önəmi ilə bağlı
fikirlərini bölüşüblər.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən
böyük maraqla qarşılanan tədbirdə iştirakçıların çoxsaylı sualları
cavablandırılıb.

Məlumat verilib ki, tədbirdən əvvəl keçirilən görüşdə MDU ilə
Dövlət Vergi Xidməti arasında gələcək əməkdaşlıq məsələləri
müzakirə olunub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə dövlət qurumları
və sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verilir.

Teqlər: