2021-ci ilin 27 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Xalq yazıçısı, görkəmli pedaqoq Əzizə Cəfərzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Aləmdə səsi olan yazıçı qadın” mövzusunda elmi konfrans keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova görkəmli ədib Əzizə Cəfərzadənin zəngin həyat və yaradıcılığından danışıb və elmi tədbirin əhəmiyyətini vurğulayıb.
Xalq yazıçısının çoxşaxəli ədəbi, elmi, pedaqoji və ictimai fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunduqdan sonra konfransda məruzələr dinlənilib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Bədirxan Əhmədov ”Milli tarixin bədii interpretasiyası”, yazıçının oğlu Turan İbrahimov “Əzizə Cəfərzadənin 100 illiyində irsi, yeni nəşrlər və gələcək planlar”, Mehmet Akif Ersoy Universitetindən Pərvanə Bayram “Əzizə Cəfərzadənin ilk dəfə nəşr edilən povestləri haqqında”, Naxçıvan Universitetindən Əli Həşimli “Əzizə Cəfərzadə nəsrinin folklor qaynaqları”, MDU əməkdaşlarından Günel Yunusova: “Əzizə Cəfərzadə romanlarında Şirvan mühitinin təsviri” və Ayna Babazadə “Əzizə Cəfərzadə nəsrində tarixi və bədii təxəyyülün yeri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda, Xalq yazıçısının övladı Turan İbrahimov videogörüntü vasitəsilə Əzizə Cəfərzadənin evindəki zəngin kitabxanasını, yaradıcılığı ilə bağlı yeni nəşrləri nümayiş etdirib və yubiley tədbirinin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliği diqqət mərkəzində saxlanılır.