MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub

27 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Tələbə mediası” layihəsində uğurla iştirak edən tələbələrlə görüşüb.

Görüşdə gənclərin hərtərəfli inkişafında bu tipli layihələrdə iştirakın önəmindən danışan rektor Ş.Bayramov təlimləri müvəffəqiyyətlə başa vuran tələbələri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Layihə ilə bağlı təəssüratlarını bölüşən tələbələr müasir dövrün tələblərinə uyğun olaraq yeni media bacarıqlarının artırılmasına hədəflənən maraqlı təlimlərdə iştiraklarından məmnunluqlarını ifadə ediblər, göstərilən diqqətə və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Diqqətə çatdırlıb ki, “Tələbə Mediası” layihəsi Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihə çərçivəsində oktyabrın 15-dən 17-dək MDU-nun tələbələri üçün media sahəsində düzgün mövzu seçimi, onlayn və oflayn araşdırma, sorğu və müsahibə aparma, keyfiyyətli məqalə, fotoreportaj, video və infoqrafik hazırlama və digər mövzularda təlimlər keçirilib. Layihənin davamı olaraq, noyabrın 1-dən 4-dək Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, media ilə yaxından tanışlıq məqsədilə 4 günlük virtual səfər və noyabrın 22-dən etibarən isə sosial media menecmenti, redaksiya menecmentinin əsasları və digər mövzularda Bakı şəhərində 5 günlük təlim proqramı təşkil edilib. Bundan əlavə, layihə çərçivəsində tələbələrin “Student Media” (https://studentmedia.az) adlı ortaq saytı yaradılıb. Saytda tələbələr tərəfindən hazırlanmış press-relizlər yerləşdirilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: