2022-ci ilin 14 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Təhsil fakültəsinin təşkilatçılığı ilə “Pedaqogika” kitabının
təqdimatı keçirilib. Təqdimat mərasimində fakültənin akademik və
inzibati heyət üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov
təqdim edilən kitabın ərsəyə gəlməsində universitetin üç akademik
heyət üzvünün iştirak etməsindən məmnunluğunu ifadə edib və onların
pedaqoji təhsilin inkişafına xidmət edən birgə yaradıcı
fəaliyyətlərini təqdirəlayiq hal kimi dəyərləndirib.
MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi
sahəsində görülən işlərdən bəhs edən rektor yeni dərsliyin
universitetin akademik heyət üzvləri və tələbələri, eləcə də digər
təhsil müəssisələrində tədris fəaliyyəti ilə məşğul olan müəllimlər
üçün faydalı olacağına inandığını söyləyib və kitabın
həmmüəlliflərinə təşəkkürünü bildirib.
Sonra, təqdimat mərasimində MDU-nun “Pedaqogika və psixologiya”
kafedrasının əməkdaşlarından Sahib Məmmədov, Aygün İsmayılova,
Nərgiz Niftəliyeva və Səbinə Quliyeva çıxış ediblər.
Məlumat verilib ki, sözügedən dərslik “Pedaqogika” kursu
proqramlarına əsasən və Dövlət Təhsil Standartlarına müvafiq olaraq
hazırlanmışdır. Pedaqogikanın ümumi əsasları”, “Didaktika: təlim və
təhsil nəzəriyyələri”, “Tərbiyə nəzəriyyəsi” və “Məktəbşünaslıq”
adlı 5 bölmədən və 21 fəsildən ibarət olan kitab 488 səhifə
həcmindədir. Dərslikdə yer alan mövzular yeni pedaqoji təfəkkür
kontekstində şərh olunur, müasir pedaqoji elmə və təcrübələrə
əsaslanır. Diqqətə çatdırılıb ki, dərslikdən “Pedaqogika” kursu
üzrə mühazirə və məşğələ aparan pedaqoqlar, ümumtəhsil
məktəblərində çalışan müəllimlər, pedaqoji istiqamətdə təhsil alan
tələbələr, təhsil işçiləri, pedaqoji elmlər sahəsində məşğul olan
tədqiqatçılar, magistrlər, doktorantlar, habelə təlim, tərbiyə və
təhsil işləri ilə maraqlananlar faydalana bilərlər.
Daha sonra, tədbir iştirakçıları tərəfindən böyük maraqla
qarşılanan kitab haqqında müzakirələr aparılıb.