2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM)
təşkilatçılığı ilə keçirilən “Həyatda və karyerada nitqinlə
fərqlən!” adlı beş moduldan ibarət natiqlik təlimlərini uğurla başa
vuran tələbələrlə görüş keçirilib.
MDU-dan AzerTimes-a bildirilib ki, görüşdə təlim proqramını
müvəffəqiyyətlə tamamlayan tələbələri təbrik edən MDU-nun rektoru
Şahin Bayramov karyera inkişafında nitq mədəniyyətinin önəmini
diqqətə çatdırıb, gənclərdə natiqlik bacarıqlarının artırılmasına
hədəflənən bu modulların təşkilində əməyi olanlara təşəkkürünü
bildirib.
Təlimlərlə bağlı təəssüratlarını bölüşən tələbələr yaradılan
şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə
minnətdarlıqlarını ifadə ediblər.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub və
təlimçi, MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Svetlana
Nəsibli təşəkkürnamə ilə təltif edilib.
Bildirilib ki, cari ilin fevral-mart aylarında keçirilən
təlimlər “İşgüzar və akademik sferada nitqin sənin imicindir”,
“Səhnədə nitq zamanı həyəcan və qorxunun dəf edilməsi”, “Danışma və
dinləmə mədəniyyəti”, “Ünsiyyət zamanı nitq etiketlərindən
istifadə”, “Verbal və qeyri-verbal kommunikasiya vasitələri”,
“Nitqin effektivliyinə təsir edən səbəblər və nitq texnikasının
komponentleri”, “Kommunikasiya prosesində imicin rolu”, Yazılı
kommunikasiya zamanı orfaqrafiya qaydalarından düzgün istifadənin
əhəmiyyəti”, “Yazılı nitqdə durğu işarələrinin məqama uyğun
işlədilməsi”, “Mədəni nitqə verilən başlıca tələblər” və “Peşəkar
ünsiyyət qurma və özünü təqdimetmə bacarıqları” mövzularını əhatə
edib.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tələbə və magistrantların hərtərəfli inkişafı diqqət mərkəzində
saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılması
məqsədilə müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm
verilir.