2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə
“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir
keçirilib.
MDU-dan AzerTimes-a verilən məlumata görə, tədbirdə şəhər polis
əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri,
tələbələr və magistrantlar iştirak ediblər.
Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən
narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və
narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da
artırmaq məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov
ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsində, ictimai
asayişin möhkəmləndirilməsində, vətəndaşların hüquq və
azadlıqlarının qorunmasında Azərbaycan polisinin mühüm rolundan
bəhs edib. Həm 44 günlük Vətən Müharibəsi dövründə, həm də
pandemiyanın davam etdiyi həssas bir şəraitdə daxili işlər
orqanlarının əməkdaşlarının yüksək vətənpərvərlik, qəhrəmanlıq,
mərdlik, fədakarlıq və humanizm nümayiş etdirdiklərini qeyd edən
Ş.Bayramov Mingəçevir polisinin timsalında bütün Azərbaycan
polisinə təşəkkürünü bildirib. Gənclərin sağlam və vətənpərvər
ruhda yüksək ixtisaslı mütəxəssis kimi yetişdirilməsinin
universitetin başlıca missiyalarından olduğunu diqqətə çatdıran
rektor tədbirin əhəmiyyətini vurğulayıb. Bu ortaq fəaliyyəti
narkomaniya əleyhinə həyata keçirilən müvafiq dövlət proqramlarının
icrasına töhfə kimi dəyərləndirən Ş.Bayramov sağlam gəncliyin və
etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici
görüşlərin davamlı olaraq təşkilinin önəmindən danışıb və tədbirin
təşkilində əməyi olanlara minnətdarlığını ifadə edib.
MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada
olmaqdan məmnunluğunu bildirən Mingəçevir Şəhər Polis Şöbəsinin
rəisi, polis polkovniki Ədalət Əliyev cəmiyyətin başlıca sosial
problemlərindən birinə həsr olunan tədbirin təşkilinə göstərdiyi
dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Ə.Əliyev çıxışında narkotik vasitələrin cəmiyyət üçün yaratdığı
problemlərdən danışıb və onların fəsadları barədə geniş məlumat
verib. Bildirib ki, dünyada narkomaniyaya qarşı müxtəlif vasitə və
metodlarla mübarizə aparılmasına baxmayaraq, problemin aktuallığı
və miqyası getdikcə artır. Bəşəriyyət üçün təhlükəli olan bu
bəlanın Azərbaycan cəmiyyətindən də yan keçmədiyini qeyd edən polis
rəisi ölkəmizdə narkotik cinayətkarlığa qarşı aparılan uğurlu
əməliyyatlardan, eləcə də həyata keçirilən məqsədyönlü profilaktiki
və maarifləndirmə tədbirlərindən danışıb.
Daha sonra çıxış edən Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları
məruzələrində psixotrop maddələrin insan orqanizminə zərərli
təsirləri barədə məlumat veriblər, narkomaniyanın sağlamlıq üçün
ciddi təhlükə yaratması ilə yanaşı, cinayətkarlığın artmasına təkan
verən ən böyük sosial bəlaya çevrildiyini diqqətə çatdırıblar,
gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat tərzinə və mənəvi
kamilliyə çağırıblar.
Eyni zamanda, tədbirdə polis əməkdaşları “Erkən nikah və onun
törətdiyi fəsadlar”, “Cinayət məsuliyyəti daşıyan və təhlükəli
erkən nikah”, “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və
təhlükələri” və ”Yol hərəkəti qaydalarına əməl edək“ mövzuları ilə
də çıxışlar ediblər.
Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə
tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq
maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət
verilir.