MDU beynəlxalq konfransda təmsil olunub (FOTO)

Mingəçevir Dövlət Universiteti (MDU) 26 noyabr 2021-ci il tarixində Xarkov Milli Avtomobil və Yol Universitetinin (Kharkiv National Automobile and Highway University – KhNAHU) İdarəetmə və biznes fakültəsinin 55 illik yubileyinə həsr olunan “Sahibkarlığın inkişaf problemləri və perspektivləri” mövzusunda XV Beynəlxalq elmi-praktiki konfransda təmsil olunub. Ukrayna, Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin qatıldığı və hibrid formatda təşkil edilən konfransda MDU-nun bir qrup rəhbər və akademik heyət üzvü iştirak edib.

Konfransın açılışında KhNAHU-dan elmi işlər üzrə prorektor, professor İlya Dmitriev, elmi-pedaqoji işlər və beynəlxalq əlaqələr üzrə prorektor, professor Toxtar Qeorqiy, MDU-dan elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, Elm və innovasiya şöbəsinin müdiri, dosent Vüqar Mustafayev, L.B.Qonçarov adına Qazax Avtomobil və Yol İnstitutunun professoru Askar Raximbaev çıxış ediblər.

Beynəlxalq konfransın bölmə iclaslarında MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin akdemik heyət üzvlərindən Arif Tağıyev “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sahibkarlığın inkişafı problemləri və perspektivləri”, Nazim Niftəliyev “Kənd təsərrüfatında innovativ sahibkarlığın bəzi aspektləri”, Aynur Namazova “İnvestisiya fəaliyyətinin nəzəri-metodoloji və iqtisadi məsələləri” və Ruhiyyə Hüseynova “Sahibkarlıq fəaliyyətinin inkişafında marketinq strategiyasının rolu” mövzularında çıxış ediblər.


Ukrayna, Azərbaycan və Qazaxıstanın 47 ali təhsil müəssisəsindən beynəlxalq konfransa daxil olan 180 məqalə və tezisin 20-si MDU əməkdaşları tərəfindən təqdim edilib.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.

Teqlər: