2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universiteti
(MDU), Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız
Teknik Universitetinin (YTU) birgə təşkilatçılığı ilə Xocalı
soyqırımının otuzuncu ildönümünə həsr olunan anım tədbiri
keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən
tədbirdə hər üç universitetin akademik və inzibati heyət üzvləri,
tələbə, magistrant və doktorantları iştirak ediblər.
Tədbirin açılışında AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun
rektoru Şahin Bayramov və Yıldız Teknik Universitetinin prorektoru
Nur Bekiroğlu çıxış ediblər.
Tədbir iştirakçılarını salamlayan AzTU-nun rektoru V.Vəliyev
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı
soyqırımına həsr olunan ortaq anım proqramının əhəmiyyətindən
danışıb.
Qardaş ölkələrin ali təhsil müəssisələrinin vahid platformadan
çıxış etməsini müsbət dəyərləndirən V.Vəliyev Xocalı faciəsi,
erməni vəhşiliyi və vandalizmi barədə həqiqətlərin daha geniş
ictimaiyyətə çatdırılmasında universitetlər arasında belə formatda
tərəfdaşlıqların önəmini diqqətə çatdırıb.
Faciənin səbəblərinin, baş verdiyi tarixi və ictimai-siyasi
şəraitin tədqiq edilməsində, Xocalı həqiqətlərinin gənc nəsilə
ötürülməsində və bu istiqamətdə müvafiq təbliğat işlərinin
aparılmasında universitetlərin rolundan bəhs edən rektor ortaq
tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Xocalı qurbanlarının əziz xatirəsinin daim böyük ehtiramla
anıldığını qeyd edən V.Vəliyev bütün şəhidlərimizə rəhmət,
qazilərimizə isə şəfa diləyib.
Tədbirin açılışında çıxış edən MDU-nun rektoru Ş.Bayramov Xocalı
Soyqırımının otuzuncu ildönümü münasibətilə üçtərəfli formatda
təşkil edilən ortaq tədbirin təşkilində dəstəyi və əməyi olanlara,
məruzəçilərə və iştirakçılara təşəkkürünü çatdırıb.
Nəinki Azərbaycan xalqına, eləcə də bütün bəşəriyyətə qarşı
yönəldilmiş tarixi cinayət hesab edilən Xocalı faciəsindən otuz il
ötdüyünü qeyd edən Ş.Bayramov 1992-ci ilin fevral ayında soyuq qış
gecəsində erməni cəlladlarının xüsusi amansızlıqla törətdikləri
qətliamı dünya tarixində baş vermiş ən qəddar soyqırım
hadisələrindən biri kimi dəyərləndirib.
Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin müvafiq Sərəncamına
uyğun olaraq ölkəmizdə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr
olunan çoxlu sayda tədbirlərin həyata keçirildiyini diqqətə
çatdıran rektor ali təhsil müəssisələrinin bu fəaliyyətlərdə verə
biləcəyi töhfələrdən bəhs edib və tədbirin önəmini vurğulayıb.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli
Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində doğma Qarabağın
işğaldan azad edildiyini qeyd edən Ş.Bayramov Xocalı qurbanlarının
qanlarının yerdə qalmadığını, ruhlarının şad olduğunu söyləyib və
onların əziz xatirələrinin daim böyük ehtiram və rəhmətlə yad
ediləcəyini bildirib.
Tədbirin açılışında çıxış edən YTU-nun prorektoru Nur Bekiroğlu,
ilk növbədə, təmsil etdiyi universitetin rektoru Tamer Yılmazın
salamlarını çatdırıb və ortaq tədbirin keçirilməsinə dəstək
göstərən hər üç universitetin rəhbərliyinə və əməkdaşlarına
təşəkkürünü bildirib.
Türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”
və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarını dilə
gətirən N.Bekiroğlu bu fikirlərin Türkiyə – Azərbaycan birliyinin
və qardaşlığının rəmzi olduğunu söyləyib.
Otuz il əvvəl qardaş azərbaycanlılara qarşı qəddarcasına törədilən
Xocalı soyqırımının acısına daim şərik olduqlarını bildirən
prorektor illər keçsə də bu dəhşətli faciənin heç zaman
unudulmayacağını, şəhidlərin əziz xatirəsinin daim uca tutulacağını
və sonsuz ehtiramla yad ediləcəyini bildirib.
Universitetlər arasında işbirliyinin yalnız akademik müstəvidə
deyil, üçtərəfli formatda keçirilən belə tədbirlərlə də inkişaf
etdirilməsini yüksək qiymətləndirən N.Bekiroğlu əməkdaşlığa hər
zaman açıq olduqlarını diqqətə çatdırıb.
Sonra, proqrama uyğun olaraq, MDU-nun rektorunun müşaviri Hamiz
Mahmudovun moderatorluğu ilə çıxışlara başlanılıb.
YTU-nun dosenti Yasin Şehitoğlu “Xocalı soyqırımı bütün türk
dünyası üçün nə ifadə edir?” mövzusunda, AzTU-nun professoru Şikar
Qasımov “Xocalı soyqırımı: türk-müsəlman qətliamı” mövzusunda və
MDU-nun dosenti Esmira Cəfərova “Xocalı qətliamı türk millətinin
istiqlalına qarşı sui-qəsddir” mövzusunda çıxış ediblər.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılar belə bir
ortaq tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə hər üç ali
təhsil müəssisəsinin rəhbərliyinə təşəkkürünü bildirib və bu
istiqamətdə birgə fəaliyyətin davamlılığını arzulayıblar.
Qeyd edək ki, MDU-da Xocalı soyqırımının otuzuncu ildönümünə həsr
olunan silsilə tədbirlər davam edir.