MDB PA-nın komissiya iclaslarında 14 məsələyə baxılıb

Oktyabrın 29-da MDB PA-nın 2 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib. Milli Məclisin deputatları Rauf Əliyev və Tamam Cəfərova MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının iclasında iştirak ediblər. İclasda 14 məsələyə baxılıb.

AzerTimes xəbər verir ki, öncə gündəlikdəki qanunvericilik məsələlərinə diqqət yönəldilib. “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” model qanunların yeni redaksiyada təqdim olunmuş layihələri müzakirə edilib. MDB dövlətləri üçün model Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada hazırlanması məsələsinə baxılıb. Deputatlar mədəniyyət və turizm sahələrində rəqəmsal inkişaf üzrə model qanun yaradıcılığının perspektiv istiqamətlərinin təhlili layihəsinin hazırlanması barədə fikirlərini bölüşüblər.

Sonra komissiyada MDB PA-nın və dövlətlərarası “Mir” teleradio şirkətinin “Dostluq ağacı” medalı ilə, həmçinin MDB PA-nın mədəniyyət və incəsənət, mətbuat və informasiya, bədən tərbiyəsi, idman və turizm sahələrinə dair Fəxri döş nişanları ilə və qurumun Çingiz Aytmatov adına mükafatı ilə təltiflər üçün təqdimatlar hazırlanması məsələsi nəzərdən keçirilib.

İclasda Milli Məclisin deputatı, MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının sədr müavini Rauf Əliyev bir sıra fikirlərini bölüşüb.
Hər iki iclasın yekununda bu Daimi komissiyaların 2022-ci ilə dair iş planları müzakirə olunub, növbəti iclasların vaxtı və ilkin gündəliyi müəyyənləşdirilib.

Teqlər: