Aprelin 15-də MDB PA-nın Mədəniyyət, informasiya, turizm və
idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası
keçirilib.
MDB PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Rauf Əliyev və
Tamam Cəfərova iclasda iştirak ediblər.
Tədbiri MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə
daimi komissiyasının sədr müavini Rauf Əliyev aparıb.
Əvvəlcə təşkilati məsələlər həll edilib, Müstəqil Dövlətlər
Birliyinin 2023-2025-ci illər üçün hazırlanan model qanunvericilik
işlərinin perspektiv planına təkliflər nəzərdən keçirilib. Milli
Məclisin deputatı Rauf Əliyev yenidən MDB PA-nın Mədəniyyət,
informasiya, turizm və idman üzrə daimi komissiyasının sədr müavini
vəzifəsinə seçilib.
Sonra gündəlikdəki qanunvericilik məsələlərinə baxılıb.
“Kinematoqrafiyaya dövlət dəstəyi haqqında”, “Teatr və teatr
fəaliyyəti haqqında” model qanunların və MDB dövlətləri üçün model
Əqli Mülkiyyət Məcəlləsinin yeni redaksiyada təqdim olunmuş
layihələri müzakirə edilib, “Televiziya və radio yayımı haqqında”,
“Elektron kommunikasiyalar haqqında” model qanun layihələrinin
hazırlanması məsələlərinə baxılıb.
Həmçinin, deputatlar mədəniyyət və turizm sahələrində rəqəmsal
inkişaf üzrə model qanun yaradıcılığının perspektiv
istiqamətlərinin təhlili layihəsinin hazırlanması, komissiyanın
2021-ci ildə gördüyü işlər, MDB PA-nın 30 illiyinə həsr olunmuş
tədbirlər və digər məsələlərə də münasibətlərini bildiriblər.
Yekunda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi
müəyyənləşdirilib.