Mayın 16-da Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib.
AzerTimes MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, görüşün ilk məsələsi “Lıstapad” XXX Minsk Beynəlxalq Film Festivalına həsr olunub. Belarus mədəniyyət nazirinin birinci müavini Valeri Qromada Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvlərinə kinoforuma hazırlığın gedişatı barədə məlumat verib. O xatırladıb ki, festival cari ilin 1-8 noyabr tarixlərində “Keyfiyyət nişanı olan kino” şüarı altında keçiriləcək. Onun həyata keçirilməsi MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində 2021-2025-ci illər üçün əməkdaşlığının əsas tədbirləri çərçivəsində nəzərdə tutulub.
Valeri Qromadanın sözlərinə görə, kinofestivalın bağlanış mərasimində MDB İcraiyyə Komitəsi tərəfindən kinoforum proqramının filmlərindən birinə əməkdaşlığın inkişafına və xalqlar arasında dostluğun möhkəmlənməsinə görə xüsusi “Sərhədsiz kino” mükafatının təqdim edilməsi nəzərdə tutulur.
Daimi nümayəndələr, həmçinin Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasına hazırlığın gedişatını nəzərdən keçiriblər.
Hökumət başçıları 2030-cu ilə qədər MDB ölkələrinin ərazilərindən keçən infrastrukturun optimallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə Fəaliyyət Planını təsdiq etmək niyyətindədirlər.
MDB-nin nizamnamə və digər orqanları yanında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclasının iyunun 25-də keçirilməsi planlaşdırılır.