AB sanksiyaları ilə müsadirə edilən rusiyalı oliqarx Dmitri Mazepinin lüks yaxtası bu yay İtaliyanın Sardiniya adasındakı limandan müəmmalı şəkildə yoxa çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb.
“22 metrlik yaxta “Aldabra” mineral gübrə şirkətinin sahibi və keçmiş Formula-1 pilotu Nikita Mazepinin atası Dmitri Mazepinə məxsusdur. Yaxtanın qiyməti 700 min avro ilə 1 milyon avro arasında dəyişir. Rusiyanın Ukraynaya müdaxiləsindən həftələr sonra Mazepinin Oliviya limanına yanaşmış yaxtasına sanksiya tətbiq olunub. Yaxta iyun ayına qədər orada qalıb və onun Mazepinə məxsus olduğu rəsmən təsdiqlənəndən bir neçə saat əvvəl yoxa çıxıb”, – məlumatda deyilib.
Polis bildirib ki, Mazepin yaxtanı İtaliyadan çıxarmaq üçün xarici şirkətlə əlaqə yaradıb, şirkət də sardiniyalı kapitanı işə götürüb:
“Araşdırma nəticəsində məlum olub ki, yaxta Tunisin kiçik Bizerte limanında dayanıb, lakin onun hazırda harada olduğu bilinmir.
Yaxtanın oliqarxa aid olduğunu bilmədiyini iddia edən xarici şirkət və kapitan onu İtaliyadan çıxardıqlarına görə 500 min avroya qədər cərimə ilə üzləşə bilər”.