“MasterCard” kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır – Erdem Çakar (ÖZƏL)

Xəbər - Sədrəddin Ağcayev, Xaqan İsayev – Trend:

“MasterCard” beynəlxalq ödəniş sistemi kiçik və orta müəssisələrlə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanla danışıqlar aparır.

Bunu Trend-ə müsahibəsində “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib.

Onun sözlərinə görə, “MasterCard” Azərbaycanda pərakəndə satış müəssisələrinə, distribütorlara, yanacaqdoldurma məntəqələrinə eksklüziv həllər təklif etməyə hazırdır.

“Tap to Phone” texnologiyası (NFC çipi ilə təchiz olunmuş qurğular vasitəsilə təmassız ödəniş sistemi) kuryer və taksi xidmətləri, eləcə də analoji xidmətlər üçün uyğundur. “Tap to Phone”un tətbiqi sahibkarlara istənilən təmassıs kartdan və mobil pulqabından ödəniş qəbul etməyə imkan verəcək”, – deyə o, bildirib.

M.Çakar qeyd edib ki, bu üsul əlavə avadanlıq tələb etmir. Onunla istənilən yerdə yararlanmaq olar və bunun üçün POS terminallara ehtiyac olmur. Bu həllin Azərbaycan bazarında tətbiqi hesabların təqdim olunması, gəlirlərin idarə edilməsi və şəffaf hesabatlılıq kimi biznes həllərinin inteqrasiyasını təmin edəcək.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda buraxılan “MasterCard” kredit və taksit kartlarının sahibləri 2022-ci ilin ikinci yarısından Türkiyədə taksitlə alış-veriş edə biləcəklər

E.Çakar qeyd edib ki, “MasterCard” ödənişlərin maksimal təhlükəsizliyinin təmin olunması üçün ən müasir texnologiyalardan istifadə edir.

“Nağdsız ödənişlərin artması ilə əlaqədar “MasterCard”da bütün əməliyyatlar beynəlxalq standartlarla uyğunlaşdırılır. Nağdsız vəsaitlər nağd vəsaitlərdən daha etibarlıdır. Siz nağd pulları itirə bilərsiniz, amma kartınızı itirsəniz və ya oğurlansa, banka zəng edib kartı bloklaya bilərsiniz. O zaman pullarınızın qorunmasına bank məsuliyyət daşıyır. Bundan başqa, biz bir neçə il əvvəl kartları “MasterCard” qoruması altında saxlamağa imkan verən “MasterPass” texnologiyasını tətbiq etmişik”, – deyə o bildirib.

“MasterCard”ın nümayəndəsi həm də Azərbaycanda bankların “Apple Pay” sisteminə qoşulmasını da vurğulayıb.

“Kart sahibi barədə bütün məlumatlar tokenləşir və şifrələnmiş halda prosessinq mərkəzinə ötürülür. Bu, təhlükəsizliyin ən yüksək səviyyəsidir. Müxtəlif tətbiqlər vasitəsilə onlayn əməliyyatlar keçirmək olar. Azərbaycanlı istifadəçilər artıq öz kartlarını “Apple” telefonlarında və saatlarında qeydiyyatdan keçirməyə başlayıb. “Apple Pay”in işə düşməsi ilə bu qurğular bank kartına çevrilir. Təmassız ödənişlərin qəbul olunduğu bütün strukturlarda “Apple Pay” vasitəsilə ödəniş etmək olar. 2021-ci ildə Azərbaycanda nağdsız əməliyyatların həcmi 2017-ci illə müqayisədə iki dəfə artıb”, – E.Çakar deyib.

O, “MasterCard”ın Azərbaycanın regionlarında ictimai nəqliyyatda nağdsız ödəniş imkanlarının genişləndirilməsi ilə bağlı planlarından danışıb.

“2020-ci ildə biz Şamaxı şəhərində 25 avtobusda nağdsıza ödəniş pilot layihəsini işə saldıq. Bu gün bu şəhərdə ictimai nəqliyyat sahəsində dörd mindən çox nağdsız ödəniş həyata keçirilir. Biz ölkənin digər şəhərlərində ə nağdsız ödənişlərin genişləndirilməsi üçün müvafiq strukturlarla danışıqların davam etdiririk”

(Tərcümə: Orxan Nəbiyev)