Dünyanın ən varlı insanı olan İlon Mask son zamanlar qalmaqallı siyasi bəyanatları ilə gündəmdən çıxmır.
Hazırda ABŞ siyasi səhnəsi son dərəcədə qütbləşib, radikallaşıb və partiyalar arasında mübahisə predmetləri sırasında təkcə ABŞ-ın daxili siyasi məsələləri deyil, həm də ABŞ-ın dövlət olaraq xarici siyasi kursudur. Əslində, bu, heç də yaxşı hal deyil, ölkənin fundamental strateji maraqları elektoratdan asılı olmamalıdır. Böyük Britaniyanı misal gətirə bilərik, istənilən partiyanın hakimiyyətdə olduğu təqdirdə, ölkənin xarici siyasi kursu dəyişilməz qalır və qalacaq. ABŞ-da isə elə deyil. ABŞ-ın dünyada “yeri”, “rolu”, Rusiya ilə münasibətlər, Avropada, Cənubi Qafqazda ABŞ-ın təsir dərəcəsi və s. Respublikaçı və Demokrat partiyaları arasında fundamental fikir ayrılığı predmetləridir.
Bayden və Demokrat Partiyası ümumillikdə Rusiya və Çinlə kəskin qarşıdurmanın, ABŞ hegemonluğunun möhkəmlənməsinin tərəfdarıdır. Baydenin prezident olandan sonra “ABŞ qayıdır” şüarı da məhz anons idi – ABŞ-ın geosiyasi proseslərdə fəal iştirakının anonsu.
Sabiq prezident Donald Tramp başda olmaqla Respublikaçı Partiyasının böyük əksəriyyəti isə hesab edir ki, ABŞ “izolyasionizm” siyasətini yürütməlidir, özünü xarici siyasi proseslərdən təcrid etməlidir, Rusiya ilə yaxşı münasibətlər qurmalıdır və qarşıdurmalardan çəkinməlidir.
Məntiqli sual yaranır: necə oldu ki, vaxtında Ronald Reyqanın başçılıq etdiyi Respublikaçı Partiyası SSRİ-ni dağıtmışdı, bu gün isə həmin partiya öz xarici siyasi kursunu 180 dərəcədə dəyişdi? Respublikaçı Partiyası ideoloji olaraq sağçıdır və kommunizm, sosializmin düşmənidir, kapitalistlərdir, republikaçılar bugünkü Rusiyanı və Putini şəxsən, sağçı, kapitalist kimi görürlər. Ona görə də belə paradoks yaranır, respublikaçılar Çinlə düşməndirlər, Putinlə isə dostdurlar.
İndi isə gələk İlon Maska.
İlon Mask siyasi baxışlarına görə respublikaçıdır, məhz radikal ultra-sağçı. Maskın bugünkü siyasi mövqeyi Rusiyanın və Putinin əlinə oynayır. Mask ABŞ-da ictimai rəyə ciddi təsirə malik olan insandır və onun bu qədər sərt siyasi bəyanatları cəmiyyətə təsir edir.
2022-ci ilin oktyabr ayında baş verənləri misal kimi gətirə bilərik və çox maraqlı nüanslar ortaya çıxacaq.
3 oktyabrda İlon Mask Tvitter (hazırkı X) sosial şəbəkəsində dünyada qalmaqala və geniş müzakirələrə səbəb olan paylaşım etdi. Mask Ukraynada gedən proseslərə dair öz vizyonunu bölüşdü. O, hesab edir ki, müharibənin dayandırılması formulu 4 bənddən ibarət olmalıdır:
– Rusiyanın nəzarətində olan ərazilərdə BMT-nin müşahidəçiliyilə referendumlar keçirilməlidir və yerli əhali hansı ölkənin tərkibində olmasını (Rusiya, ya da Ukrayna) özü seçməlidir;
– Krım Rusiyanın tərkibində qalmalıdır;
– Ukrayna Krımı su ilə təmin etməlidir;
– Ukrayna neytral statusunu qorumalıdır (yəni NATO-ya üzv olmamalıdır).
Bu tezisləri irəli sürərək Mask Tvitterdə səsvermə keçirmişdi (istifadəçilərin 60%-i əleyhinə, 40%-i lehinə səs vermişdi).
Bu paylaşımdan bir neçə ay sonra tanınmış politoloq Yan Bremmer xəbər vermişdi ki, İlon Mask öz paylaşımını etməmişdən qabaq Vladimir Putinlə danışmışdı (Bremmer iddia edir ki, bu barədə ona Maskın özü xəbər vermişdi). Yan Bremmerin verdiyi məlumata əsasən, Putin Maska deyib ki, “nəyin bahasına olursa olsun, hədəflərinə (işğalın legitimləşdirilməsi) çatacaq” (taktiki nüvə silahının istifadəsi ehtimalını də xüsusilə qeyd edib).
İlon Mask dərhal bu məlumatı təkzib edərək dedi ki, son dəfə Putinlə 18 ay qabaq danışmışdı və mövzu kosmos idi.
Ehtimal olunur ki, Yan Bremmerin Mask-Putin təmasını sübut edən faktları var idi və yəqin ki, bu faktlar artıq FTB-nin əlindədir.
15 oktyabrda İlon Mask yazıb ki, Rusiya ABŞ-ı və Avropanı nüvə silahı ilə yarım saatdan az vaxta məhv edə bilər.
İlon Mask oktyabrda USQ-nin dəniz dronlarının Rusiya Qara dəniz donanmasına hədəflənmiş zərbələrinin qarşısını almaq üçün o bölgədə interneti söndürmüşdü.
İndi isə ən maraqlı məqama toxunaq: 2022-ci ilin oktyabr ayının sonunda İlon Mask 44 milyard dollara Tvitterin alınmasını yekunlaşdırır. Bu pulun bir hissəsi səudlara məxsus idi, ən azı rəsmi bildirilən məlumat belə idi. ABŞ-ın daxilində isə çox yüksək səviyyədə ehtimal olunurdu ki, səudların pulunun daxilində rusiyalıların da pulu var idi.
Daha bir maraqlı nüans.
Təbii ki, İlon Mask və Rusiya arasında münasibətlər, təmaslar “ideoloji yaxınlıqla” yekunlaşmır…
İqor Kurqanov kimdir?
2022-ci ilin iyul ayında İlon Mask xeyriyyəçilik məsələləri üzrə köməkçisi olan İqor Kurqanovu vəzifəsindən azad edib. İqor Kurqanov tanınmış poker oyunçusudur. Kurqanov poker oyunçularına uduşlarını xeyriyyəçiliyə sərf etmək üçün şirkət təsis etmişdi (Raising for Effective Giving). Daha sonra Kurqanov Maskla tanış olub və Mask onu işə götürüb. Qısa zaman ərzində Maska məxsus olan milyardlarla dollar xeyriyyəçilik məqsədilə İqor Kurqanovun sərəncamına keçdi.
FTB bu məsələni araşdırmağa başladı və İqor Kurqanovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri üzə çıxdı. FTB bu barədə ciddi xəbərdarlıq etmişdi və İqor Kurqanov vəzifəsindən azad olundu.
FTB hesab edir ki, İqor Kurqanov Rusiya xüsusi xidmət orqanları tərəfindən Maskın ətrafına yerləşdirilmiş insanların arasında ən yüksək vəzifəyə malik olan idi, amma o, tək deyil idi və FTB bu istiqamətdə işləyir.
İlon Mask ABŞ prezidenti ola bilərmi?
Əslinda, ABŞ siyasətində, cəmiyyətində, seçicilər arasında “uğurlu insan”, “uğur hekayəsi” çox ciddi faktor sayılır. 2016-cı ildə biz gördük ki, amerikalılar “uğurlu biznesmeni” seçdilər, “biznesi uğurla idarə edən dövləti də edarə edəcək” tezisi öz işini gördü. Unutmayaq ki, ABŞ “fürsətlər ölkəsidir” və fürsətlərdən uğurla istifadə edənlərə xüsusi müsbət münasibət var.
Amerikalı seçicisi üçün bu baxımdan İlon Mask əla namizəddir, amma ABŞ qanunvericiliyi buna imkan vermir; ona görə ki, ABŞ prezidenti ancaq və ancaq ABŞ-da doğulan şəxs olmalıdır, İlon Mask isə Cənubi Afrika Respublikasının Pretoriya şəhərində doğulub.