Ölkənin Bakı, Cəlilabad, Lənkəran, Masallı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən, Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 16.07.2020-ci il saat 00:00-dan 17.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1013 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 133 nəfər olmaqla ümumilikdə 1146 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 35-i paytaxt istiqamətinə olmaqla 65, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 165 avtomobil geri qaytarılıb, ümumilikdə 335 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.